Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb.
Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.
Provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməlidir.
Qeyd edək ki, son vaxtlar artıq bir neçə ölkədə 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb.
Ölkəmizdə də uşaqların sosial şəbəkədən istifadə mövcuddur və bu onların həyatı üçün təhlükə törədir. Yeni fərman da məhz uşaqların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
16 yaşı tamam olmamış şəxslərin qeydiyyatı ilə bağlı məhdudiyyət tətbiq edildikdə indiyədək açılan profillərin istifadəsi dayandırılacaqmı?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev “Cebheinfo.az”-a bildirib ki, hazırkı qanun mətninə və keçid müddəalarına əsasən, mövcud profillərin avtomatik silinəcəyi və ya dərhal bağlanacağı barədə tələb yoxdur:
“16 yaşdan kiçik şəxslər üçün yeni fərdi rəqəmsal hesabların yaradılmasına icazə verilməyəcək. Platformalar istifadəçinin yaşını qanunda nəzərdə tutulan texniki üsullarla yoxlamalıdır.
Yaşın 16 və ya daha yuxarı olduğu təsdiqlənərsə, hesab yaradılacaq. Amma platforma 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda edilən dəyişiklikdə o da qeyd olunub ki, provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda bu qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrinin tələblərinə uyğun olaraq təkrar yaş yoxlanılmasını təmin etməlidir.
Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.
Praktik baxımdan beynəlxalq təcrübələri də nəzərdən keçirsək ehtimal ki, aşağıdakı ssenarilərdən biri ilə nəticələnə bilər:
• mövcud istifadəçilərdən yaşın təsdiqlənməsi tələb oluna bilər;
• yaşı 16-dan aşağı olduğu müəyyən edilən hesabların fəaliyyəti məhdudlaşdırıla və ya hesablar deaktiv edilə bilər;
• yaşını təsdiqləməyən istifadəçilər üçün də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Ancaq qanunun özündə "bütün mövcud profillər silinəcək" və ya "16 yaşdan kiçiklərin hazırkı hesabları dərhal bağlanacaq" kimi birbaşa norma yoxdur.
Bu məsələlərin necə həyata keçiriləcəyi, əsasən, icra qaydalarından və platformaların texniki icra mexanizmlərindən asılı ola bilər”.
İKT üzrə ekspert Elvin Abbasov isə bildirib ki, qanuna edilən yeni dəyişikliklərin keçid müddəalarına və tələblərinə əsasən, hazırda fəaliyyət göstərən profillərin aqibəti rəqəmsal platforma provayderlərinin üzərinə qoyulan konkret texniki öhdəliklər çərçivəsində müəyyənləşdiriləcək:
“Qanunun tətbiqi başladığı andan etibarən platformalar sistemdə yaşın təyin edilməsi və yoxlanılması üçün lazımi texniki imkanları tətbiq etməlidirlər.
Bu mərhələdə 16 yaşdan aşağı şəxslərə məxsus olduğu aşkarlanan mövcud fərdi rəqəmsal hesablara giriş dərhal məhdudlaşdırılacaq və istifadəçiyə öz yaşını müəyyən olunmuş qaydada doğrulamaq üçün şərait yaradılacaqdır.
Əgər şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumatlar təqdim edilməzsə və ya şəxsin 16 yaşdan kiçik olduğu təsdiqlənərsə, provayderlər həmin hesabları və onlara aid fərdi məlumatları tamamilə silməyə borclu olacaqlar.
Nəticə etibarilə, hazırkı azyaşlı profilləri avtomatik olaraq aktiv qala bilməyəcək, həmin hesablar ya yaş doğrulaması keçməli, ya da platformadan tamamilə ləğv edilməlidir”.