Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?


Polşaya Rusiya istehsalı olan X-101 qanadlı raketinin düşməsi Polşa cəmiyyətində gözlənilməz reaksiyaya səbəb olub. Bir neçə aydır davam edən anti-Ukrayna təbliğatının təsiri altında olan bəzi internet istifadəçiləri raketin guya Polşanı müharibəyə cəlb etmək məqsədilə Ukrayna tərəfindən buraxıldığına dair iddialar yaymağa başlayıblar.

Turkustan.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu iddia heç bir tənqidə tab gətirmir. İstintaqın əsas versiyasına görə, Polşa ərazisinə məhz Rusiyaya məxsus X-101 qanadlı raketi düşüb. Əgər bu nəticə təsdiqlənsə, raketin mənşəyi ilə bağlı heç bir şübhə qalmayacaq, çünki Ukraynanın bu tip silahdan istifadə etmək imkanı yoxdur.

Nəşr internetdə yayılan "Ukrayna təxribatı" iddialarını tamamilə təkzib etdiyini bildirdiyi bir neçə əsas arqument təqdim edib:

“Birinci arqument raketin özünə aiddir. Ukrayna hərbçiləri mütəmadi olaraq Rusiyanın X-101 raketlərini vururlar. Lakin vurulduqdan sonra bu raketlərdən yalnız qalıqlar qalır və onların konstruksiyası tam dağıldığı üçün bərpa edilərək yenidən istifadəsi faktiki olaraq mümkün deyil.

İkinci arqument isə Ukraynanın X-101 raketlərini buraxa biləcək təyyarələrə malik olmamasıdır. SSRİ dağıldıqdan sonra Ukraynanın strateji bombardmançı təyyarələri olsa da, onlar sonradan silahsızlanma proqramları çərçivəsində ya utilizasiya edilib, ya da Rusiyaya təhvil verilib.

Ukraynanın sonuncu Tu-22M3 bombardmançısı 2006-cı ildə utilizasiya edilib, uzaqmənzilli aviasiyası isə ləğv olunub.

Hazırda Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Su-24M, Su-27, MiQ-29, Su-25 təyyarələri, eləcə də tərəfdaş ölkələrdən alınmış F-16 və “Mirage 2000” qırıcıları X-101 raketlərini daşıyıb buraxa bilmirlər. Bunun səbəbi raketin həddindən artıq böyük kütləsi, uzunluğu və bu təyyarələrin asqı sistemləri ilə texniki cəhətdən uyğun olmamasıdır”.

Qeyd edək ki, insidentlə bağlı daha öncə Rusiya səfiri Polşa XİN-ə çağırılmışdı./axar.az


MANŞET XƏBƏRLƏRİ