Qəbələdə gənclər erkən nikahın fəsadları barədə maarifləndirilib


“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər erkən nikaha qarşı” layihəsi çərçivəsində 3–4 avqust tarixlərində Qəbələ rayonunda ikigünlük təlim-seminar təşkil edib.

QHT.az xəbər verir ki, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva QHT.az-a bildirib ki, seminarlar zamanı gənclərə erkən nikahın doğurduğu sosial, sağlamlıq, təhsil və psixoloji fəsadlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, sosial davranış və düşüncə tərzində müsbət dəyişikliklərin təşviqi ilə bağlı maarifləndirici müzakirələr aparılıb.

Seminarlarda gənclərin erkən nikahla bağlı fikirləri, problemin həlli istiqamətində irəli sürdükləri təkliflər və bu sahədə həyata keçirilə biləcək fəaliyyətlər dinlənilib.

Tədbirlərdə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, ekspert N. İsmayılova, Qəbələ Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri T. Alışanov, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan Regional Nümayəndəliyinin koordinatoru C. İsmayılov çıxış edərək iştirakçılara tövsiyələrini çatdırıblar.

Seminarların rəsmi hissəsi başa çatdıqdan sonra çay süfrəsi arxasında mövzu ətrafında müzakirələr davam etdirilib. Tədbir zamanı iştirakçılara maarifləndirici mesajların əks olunduğu qısaqol köynəklər və digər zəruri materiallar təqdim olunub.


MANŞET XƏBƏRLƏRİ