Əsgərlər hansı hallarda evə məzuniyyət ala bilər? – Qaydalar açıqlandı


Azərbaycanda həqiqi hərbi xidmətdə olan əsgərlərə hansı hallarda evə məzuniyyət verilməsi ilə bağlı qaydalar ictimaiyyət arasında ən çox maraq doğuran məsələlərdən biridir.

Bəs qüvvədə olan qanunvericiliyə əsasən əsgərlər hansı hallarda qısamüddətli və ya növbədənkənar məzuniyyət ala bilirlər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qüvvədə olan qanunvericiliyə, o cümlədən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əsasən həqiqi hərbi xidmətdə olan əsgərlərə xidmət müddətində 10 günədək qısamüddətli və ya növbəti məzuniyyət verilə bilər.

Ekspertin sözlərinə görə, məzuniyyətlərin verilməsi növbəlilik və həvəsləndirmə prinsipi əsasında həyata keçirilir.

“Əgər əsgər xidmət zamanı nümunəvi davranışı və ya xidmətdə əldə etdiyi uğurlarla fərqlənirsə, həmçinin dövlət və ya peşə bayramları münasibətilə həvəsləndirmə tədbiri kimi ona növbədənkənar məzuniyyət verilə bilər.”

Üzeyir Cəfərov qeyd edib ki, ailə vəziyyəti ilə bağlı da əsgərə məzuniyyət verilməsi qanunvericilikdə nəzərdə tutulub.

“Əsgərin birinci dərəcəli ailə üzvlərindən biri ağır xəstələndikdə, vəfat etdikdə və ya ailədə digər ciddi hallar yarandıqda hərbi hissə komandiri öz səlahiyyətləri çərçivəsində, zərurət olduqda isə yuxarı komandanlığın razılığı ilə ona qısamüddətli məzuniyyət verə bilər.”

Hərbi ekspert vurğulayıb ki, bu qaydalar Silahlı Qüvvələrin bütün şəxsi heyətinə şamil olunur. Buraya Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, eləcə də digər hərbi qurumların həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları daxildir. Bütün bu məsələlər “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” ilə tənzimlənir.

Üzeyir Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən birinci dərəcəli ailə üzvləri dedikdə ana, ata, həyat yoldaşı, bacı, qardaş, övladlar, eləcə də himayəsində olan şəxslər nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ