İsrail mətbuatının yaydığı məlumata görə, ölkədəki həbsxanalardan birinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə qazıntı işlərinə başlanılıb.
Turkustan.az xəbər verir ki, yayılan videolarda tikinti texnikasının həbsxana ətrafında xəndəklər qazdığı görünür. İsrailin Milli Təhlükəsizlik Nazirliyi də hazırlıq işlərinin aparıldığını təsdiqləyib.
Məlumata görə, layihənin təşəbbüskarı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirdir. O, fələstinli təhlükəsizlik məhbuslarının saxlanıldığı həbsxanaların ətrafında çəkindirici tədbir kimi xəndəklərə Nil timsahlarının yerləşdirilməsi ideyasını irəli sürüb.
Bu çərçivədə İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyi Nil timsahlarının hüquqi statusunda dəyişiklik edərək, müəyyən şərtlər daxilində onların təhlükəsizlik qurumları tərəfindən saxlanılmasına icazə verib.
Bununla belə, yerli hakimiyyət orqanları qazıntı işlərinin davam etdiyini təsdiqləsə də, timsahların həqiqətən də xəndəklərə yerləşdirilib-yerləşdirilməyəcəyi hələlik bəlli deyil. Ətraf mühit təşkilatları və hüquq müdafiəçilərinin etirazları səbəbindən layihə mübahisələrə səbəb olmaqdadır.
Aytən Yaşar/ Turkustan.az