VSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqlədi


ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə mülki nüvə proqramını əhatə edən yeni sazişi təsdiqlədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, 30 il müddətinə nəzərdə tutulan və on milyardlarla dollar dəyərində qiymətləndirilən saziş Səudiyyə Ərəbistanına mülki nüvə proqramının inkişafı üçün imkan yaradacaq, eyni zamanda müəyyən şərtlər daxilində uranın zənginləşdirilməsinə də yol aça bilər.

Bildirilir ki, razılaşmanın əsas məqsədi Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun qurulması və inkişafında aparıcı rol verməkdir. Sazişə əsasən, ABŞ və Səudiyyə Ərəbistanının birgə qiymətləndirməsi nəticəsində zəruri hesab ediləcəyi təqdirdə, Amerika şirkətləri ölkədə uran zənginləşdirmə müəssisələrinin inşasında da iştirak edə biləcək.

WSJ-nin məlumatına görə, Tramp administrasiyası bu mexanizmin Vaşinqtona Səudiyyə Ərəbistanının nüvə proqramı üzərində daha geniş nəzarət və təsir imkanları verəcəyini düşünür. ABŞ rəsmiləri bu yanaşmanın nüvə proqramının hərbi məqsədlərlə sui-istifadə edilməsinin qarşısını almağa xidmət etdiyini bildirirlər.

Hesabatda qeyd olunur ki, sözügedən sazişin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə təqdim olunacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ