Avropada anomal isti hava dövrləri Arktikada istiləşmə ilə bağlıdır. Bu səbəbdən cənubdan gələn hava kütlələri kifayət qədər soyumağa macal tapmadan şimala doğru hərəkət edir.
Turkustan.az xəbər verir ki, bu italiyalı alimi Massimiliano Fatsini "RIA Novosti"yə açıqlamasında bildirib.
"Dəniz istiləşməni güclü şəkildə hiss edir, xüsusilə bu proses Arktikaya və şimal dənizlərinə təsir göstərir. Nəticədə okean, quru və atmosfer sistemində enerjinin miqdarı artır. Bunun nəticəsində subtropik hava kütlələri daha tez-tez uzaq şimala doğru irəliləyir", - deyə ekspert izah edib.
Mütəxəssəsin sözlərinə görə, bu proseslərin nəticəsi olaraq yay aylarında isti hava dalğaları daha tez-tez müşahidə olunur.
Qeyd edək ki, Avropa son illərin ən güclü isti hava dalğalarından birini yaşayır. Ən çox İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan zərər çəkib. Apennin yarımadasında artıq üçüncü isti hava dalğası müşahidə edilir.
İtaliyada əvvəlki isti hava dalğasının pik həddi iyunun son günlərinə təsadüf edib. Həmin vaxt Səhiyyə Nazirliyi 27 böyük şəhərdən 25-də hava şəraiti ilə bağlı maksimum "qırmızı" təhlükə səviyyəsi elan edib. /bakivaxti.az/