Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçiriləcək.
İlkin mərhələdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə araşdırılacaq. Sonrakı mərhələdə bu sahəni tənzimləyəcək normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Tədbirlər Planına əsasən, görüləcək işlərin yekununda Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2021–2030-cu illər üzrə Tədbirlər Planı bütövlükdə məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini və yeni iş yerlərinin sayının artırılmasını özündə ehtiva edir:
“Bu zaman vacib məqamlardan biri deyilən beynəlxalq praktikada istifadə olunan metodların məhz Azərbaycanın məşğulluq bazarında tətbiqidir. Bu metodlardan biri də beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılmasıdır ki, bu da Tədbirlər Planının əsas istiqamətlərindən biridir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Deputat qeyd edib ki, dünya praktikasında çevik iş rejimi modellərindən geniş istifadə olunur. Onun sözlərinə görə, bu modellərin özəlliyi ondan ibarətdir ki, burada fərqli iş modelləri tətbiq edilir:
“Ən çox tətbiq olunan modellərdən biri hibrid iş rejimidir. Bu zaman işçilər həftənin müəyyən günləri, məsələn, bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri ofisdə, digər iki gün, yəni cümə axşamı və cümə günləri isə ofisdən kənarda çalışa bilərlər. Dünya praktikasında tətbiq edilən və hazırda bir sıra inkişaf etmiş ölkələrdə də istifadə olunan metodlardan biri sıxılmış saatlar metodudur”.
Müsahibimiz vurğulayıb ki, bunun özəlliyi işəgötürənin razılığı əsasında işçi həftənin 4 gününü, hər gün 8 saat yerinə 10 saat çalışır və artıq istirahət günləri şənbə-bazar deyil, cümə, şənbə və bazar kimi müəyyənləşməsidir:
“Vacib məqamlardan biri fleks müddətinin tətbiqidir ki, burada işçi günün müəyyən saatlarını, məsələn, saat 10:00-dan 16:00-a qədər çalışır, digər saatlarda isə çalışmır”.
Vüqar Bayramov: Çevik iş modeli bütövlükdə Azərbaycan iqtisadiyyatı və əmək bazarı üçün yeni yanaşma hesab olunur
Bayramov əlavə edib ki, çevik iş modelində tətbiq edilən digər metod işin bölüşdürülməsidir:
“Bu halda bir iş və ya bir tapşırıq iki yarımştat işçiyə tapşırılır, onlar tapşırığı öz aralarında bölərək icra edirlər və nəticədə iki nəfər bir tapşırığın yerinə yetirilməsinə məsul olur. Son dövrlər nəticə əsaslı iş mühiti modeli də tətbiq olunur. Bu zaman iş mühiti birbaşa saatlarla deyil, işçinin əldə etdiyi nəticələrlə müəyyənləşir, əməkhaqqı və öhdəliklər verilən tapşırıqla bağlı əldə edilən nəticələr əsasında müqavilə ilə tənzimlənir. Müddətlə deyil, nəticə əsaslı iş rejiminə keçid zamanı işçi üçün konkret öhdəliklər və müddət müəyyənləşdirilir, işçi də həmin nəticələri daha keyfiyyətli şəkildə və zamanında təqdim etmək öhdəliyi daşıyır.”
Vüqar Bayramov qeyd edib ki, artıq elm və təhsil sektorunda çevik iş modeli tətbiq olunur:
“Çünki nəticə etibarilə biz hətta hibrid modeldən istifadəni də müşahidə edirik. Lakin təbii ki, çevik iş modeli yalnız hibrid modellə məhdudlaşmır, onun daha geniş və eyni zamanda fərqli formaları var. Bu modeli tətbiq edən ölkələrdə də fərqli saatlarda işin başlaması, eləcə də iş saatlarının günlər üzrə bölgüsü məhz çevik iş modelidir. Bütün bunlar həm əmək məhsuldarlığına, həm əmək bazarındakı işlə təminata, həm də dolayısı ilə digər sektorlara, o cümlədən tıxacın azaldılmasına müsbət təsir göstərir”.
Həmsöhbətimizin sözlərinə görə, çevik iş modeli birbaşa şəkildə yalnız təhsil və elm məsələləri üçün değil, bütövlükdə Azərbaycan iqtisadiyyatı və əmək bazarı üçün bu, yeni bir yanaşma hesab olunur:
“Təbii ki, beynəlxalq praktikada təsdiq olunmuş və inkişaf etmiş ölkələrdə iqtisadiyyata, eləcə də əmək bazarına xüsusi töhfələri olan bir modeldir”.
Aynur Babazadə