ABŞ müdafiə naziri Pit Heqset ölkəsinin artan təhlükəsizlik çağırışları fonunda ordunun əlavə maliyyəyə ehtiyac duyduğunu bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, İranla davam edən müharibənin ABŞ-yə indiyədək dəyəri 37,5 milyard dollara çatıb.
Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və Kənd Təsərrüfatı katibi Bruk Rollins ilə birlikdə Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə Pentaqonun əlavə büdcə tələbi ilə bağlı senatorların suallarını cavablandırıb.
Nazir çıxışı zamanı bildirib ki, mövcud təhlükəsizlik mühiti daha çevik qərarlar və daha güclü müdafiə imkanları tələb edir. O qeyd edib ki, 2026-cı maliyyə ili üçün istənilən əlavə vəsait Müdafiə Nazirliyinin təxirəsalınmaz ehtiyaclarının qarşılanmasına xidmət edəcək.
Heqset əlavə edib ki, söhbət sadəcə mövcud xərclərin ödənilməsindən getmir. Onun fikrincə, ABŞ süni intellekt, yüksək hesablama gücü, pilotsuz və muxtar sistemlər, eləcə də kosmik texnologiyalar kimi strateji sahələrə təcili investisiya yatırmalıdır. Əks halda, bu istiqamətlərə artıq böyük vəsait ayıran rəqiblər üstünlük qazana bilər.
Dinləmələr zamanı demokrat senator Dik Durbin İranla müharibənin maliyyə yükünü soruşduqda, Heqset bu məbləğin hazırda 37,5 milyard dollar olduğunu açıqlayıb.
Müdafiə naziri xəbərdarlıq edib ki, Konqres əlavə maliyyələşdirməni təsdiqləməsə, hərbi büdcədə ciddi çatışmazlıqlar yarana bilər. Onun sözlərinə görə, bu vəziyyət hərbçilərin maaşlarının ödənilməsinə, silah və sursat ehtiyatlarının yenilənməsinə, eləcə də ordunun əsas əməliyyatlarını fasiləsiz davam etdirməsinə mənfi təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az