Vətənə xəyanətin bəraəti yoxdur


Tarix insanları yalnız etdikləri ilə deyil, seçdikləri tərəflə də mühakimə edir. Elə məqamlar olur ki, susmaq da mövqedir, danışmaq da. Amma Vətən ölüm-dirim savaşı apararkən deyilən hər söz artıq şəxsi fikir olmaqdan çıxır, milli məsuliyyətə çevrilir. Almaniyada Prezidentin köməkçisi Hikmət Hacıyevlə bloqer Tural Sadıqlı arasında baş tutan dialoq da məhz bu baxımdan diqqət çəkdi. Hikmət Hacıyevin dediyi bir cümlə isə bütün söhbətin siyasi və mənəvi yükünü özündə cəmləşdirdi:

"Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir... Mən sizin mövcud durumunuza acıyıram."

Bu sözlər əsəbi polemikanın deyil, dövlət adamının düşüncəsinin ifadəsi idi. Çünki bəzən ən sərt cavab qəzəbdən yox, təəssüfdən doğur. Ən ağır hökm isə təhqir deyil, "sən öz Vətəninin etimadını itirmisən" deməkdir.

Bu gün dünya təkcə səngərlərdə deyil, informasiya məkanında da müharibə aparır. Tankın edə bilmədiyini bəzən bir kamera, bir mikrofon, bir sosial media hesabı edə bilir. Dövlətlərin sərhədləri artıq yalnız xəritələrdə deyil, informasiya məkanında da qorunur. Məhz buna görə də milli maraqlar əleyhinə səslənən hər fikir, xüsusilə ölkənin taleyüklü günlərində deyilən hər söz cəmiyyət tərəfindən adi siyasi polemika kimi qəbul edilmir.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Ardınca keçirilən antiterror tədbirləri dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu yol minlərlə ailənin ağrısı, şəhid qanı və qazilərin fədakarlığı bahasına qət edildi. Belə bir tarixi mərhələdə xalqın böyük əksəriyyəti milli həmrəyliyin ətrafında birləşdiyi halda, bu birliyi sarsıda biləcək çağırışlar və ya mövqelər təbii olaraq ciddi ictimai etiraz doğurdu.

Burada söhbət hansısa şəxsin populyarlığından və ya izləyici sayından getmir. Hikmət Hacıyevin "Sizə elə gəlir ki, hamı sizin verilişinizə baxır, elə deyil" fikri əslində müasir informasiya dövrünün mühüm həqiqətini xatırladır: səs çoxluğu həqiqətin ölçüsü deyil. Sosial şəbəkədə görünmək başqa şeydir, xalqın etimadını qazanmaq tamam başqa.

Müxalif olmaq da, hakimiyyəti tənqid etmək də demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Amma dövlətin varlığı, ərazi bütövlüyü, milli təhlükəsizliyi və xalqın taleyi siyasi rəqabətin alətinə çevriləndə artıq söhbət fərqli düşüncədən deyil, dövlətçilik məsuliyyətindən gedir. Dövlətçilik qırmızı xətdir. O xəttin o tayında artıq siyasi mübahisə yox, milli maraqlar dayanır.

Tarix çoxlarını tanıyıb. Şöhrət naminə xalqından uzaq düşənləri də, şəxsi ambisiyalarını Vətənin taleyindən üstün tutanları da. Lakin zamanın məhkəməsi həmişə eyni hökmü verib: xalqın yaddaşında qalmaq üçün gur danışmaq kifayət deyil, doğru tərəfdə dayanmaq lazımdır.

Bu gün Azərbaycan qalib dövlətdir. Qələbənin yaratdığı ən böyük məsuliyyət isə onu qorumaqdır. Bunun üçün təkcə güclü ordu deyil, güclü milli düşüncə, məsuliyyətli media və Vətən anlayışını hər şeydən üstün tutan vətəndaş mövqeyi lazımdır.

Hikmət Hacıyevin dialoq zamanı söylədiyi fikirlər məhz bu baxımdan əhəmiyyət daşıyır. O, bir şəxslə mübahisə etmədi. O, cəmiyyətə dövlətə sədaqətin qiymətini xatırlatdı. Çünki Vətən insanın doğulduğu torpaqdan daha böyük anlayışdır. O, şəhid məzarlarının müqəddəsliyi, qazinin yarası, ananın göz yaşı, əsgərin andı və xalqın şərəfidir.

Bu dəyərləri siyasi hesabların kölgəsində qoyan hər kəs, ilk növbədə, öz vicdanının hökmü ilə üz-üzə qalır. Vətənin sevgisini itirmək isə insanın üzərinə götürə biləcəyi ən ağır mənəvi yükdür.

Qalib Rəhimli.


MANŞET XƏBƏRLƏRİ