Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində yağan güclü yağışların yaratdığı daşqınlar nəticəsində azı 20 nəfər həlak olub, 80 nəfər yaralanıb, 100-dən çox insan isə itkin düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, intensiv yağışlar genişmiqyaslı daşqınlara səbəb olub, nəticədə çoxsaylı yaşayış məntəqələrini su basıb. Təbii fəlakətdən ən çox Nuristan əyalətinin inzibati mərkəzi Parun şəhəri zərər görüb.
Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Rəsmilər itkin düşənlərin sayının dəyişə biləcəyini istisna etmirlər.
Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdən biri olan Əfqanıstanda ekstremal hava hadisələrinin sayı son illərdə artıb. Bu səbəbdən ölkənin bəzi bölgələri uzunmüddətli quraqlıqla, digərləri isə güclü yağış və daşqınlarla üzləşir.
Aytən Yaşar/ Turkustan.az