Quterreş bu həftə sonu Suriyaya səfər edəcək


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bu həftə sonu Suriya hökumətinin dəvəti ilə Dəməşqə səfər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçü ofisi yazılı açıqlama yayıb.

Bildirilib ki, Quterreş səfər çərçivəsində Suriya Prezidenti Əhməd Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

Açıqlamada qeyd olunub ki, bu, Antonio Quterreşin BMT-nin Baş katibi kimi Suriyaya ilk rəsmi səfəri olacaq. Səfər zamanı o, BMT-nin Suriya hökumətinə və xalqına dəstəyini bir daha təsdiqləyəcək, həmçinin Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayacaq.

Bəyanata əsasən, səfər Baş katibə ölkədə siyasi keçid və bərpa prosesinin yaratdığı imkanlar və çətinliklərlə, eləcə də uzun illər davam edən münaqişənin nəticələri ilə yaxından tanış olmaq imkanı verəcək.

Quterreşin Suriya vətəndaş cəmiyyətinin nümayəndələri, qadın təşkilatları və müxtəlif icmaların təmsilçiləri ilə də görüşərək onların mövqelərini dinləyəcəyi bildirilib.

BMT Baş katibinin səfər çərçivəsində BMT-nin Suriyadakı Müşahidəçi Qüvvələrinin (UNDOF) yerləşdiyi bölgəyə baş çəkməsi də planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ