ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sadiqdir və İranın Hörmüz boğazına nəzarət etmək iddiasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Turkustan.az xəbər verir ki, Filippində keçirilən ASEAN Xarici İşlər Nazirlərinin toplantısında çıxış edən Rubio ABŞ-ın ASEAN-a dəstəyini bir daha vurğulayıb.
O bildirib ki, Vaşinqton administrasiyası regionla əməkdaşlığını ASEAN vasitəsilə davam etdirəcək və Cənub-Şərqi Asiyaya 2,5 milyard dollar həcmində strateji investisiya yatıracaq.
Rubionun sözlərinə görə, ABŞ ASEAN ölkələrində mina təmizləmə fəaliyyətləri üçün təxminən 130 milyon dollar maliyyə dəstəyi ayıracaq. Bundan əlavə, mayeləşdirilmiş təbii qaz (LNG) bazarının inkişafı, mülki nüvə enerjisi proqramları və strateji əhəmiyyət daşıyan mineral təchizat zəncirlərinin gücləndirilməsi istiqamətində əməkdaşlıq davam etdiriləcək.
Yaxın Şərqdəki vəziyyətə də toxunan dövlət katibi bildirib ki, ABŞ diplomatik həll yoluna açıqdır. Bununla yanaşı, o iddia edib ki, İran danışıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Rubio qeyd edib ki, İran həm birbaşa, həm də dolayı kanallar vasitəsilə ABŞ-la danışıqlar aparmaq istəyini ifadə edib.
"Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Əks təqdirdə, öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazımi addımları atacağıq", – deyə ABŞ dövlət katibi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az