2026-cı ilin ilk altı ayında Ukraynada həlak olan və yaralanan mülki şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb.
Turkustan.az xəbər verir ki, BMT bu artımı əsasən pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların çoxalması ilə əlaqələndirib.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi məlumat yayıb.
Qurumun açıqlamasına görə, 2026-cı ilin yanvar–iyun aylarında Ukraynada 1 396 nəfər həlak olub, 7 978 nəfər isə yaralanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz, 2024-cü ilin analoji dövrü ilə müqayisədə isə təxminən iki dəfə çoxdur.
Hesabatda bildirilir ki, ilk altı ay ərzində dron hücumları nəticəsində 418 mülki şəxs həyatını itirib, 2 437 nəfər yaralanıb.
Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin eyni dövründə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində 218 nəfər ölüb, 1 511 nəfər isə yaralanıb.
BMT vurğulayıb ki, dron hücumlarının intensivləşməsi Ukraynada mülki əhali üçün təhlükənin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Aytən Yaşar/ Turkustan.az