ABŞ Prezidenti Donald Tramp Yəməndə İranın dəstəklədiyi Husi hərəkatının Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etmək qərarı ilə bağlı sərt açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri Livan Prezidenti Cozef Aun ilə Ağ Evdə keçirdiyi görüş zamanı səsləndirib.
ABŞ Prezidenti Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin Vaşinqton üçün prioritet olduğunu vurğulayaraq, bölgədə dəniz ticarət yollarının bağlanmasına imkan verməyəcəklərini bildirib.
"Hələlik belə bir vəziyyət yaranmayıb. Amma baş verərsə, lazımi tədbirləri görəcəyik", – deyə Tramp qeyd edib.
Husilərin Qırmızı dənizi bağlama ehtimalını da dəyərləndirən Tramp mümkün hərbi müdaxiləyə işarə edərək bildirib:
"Husilər Qırmızı dənizi bağlaya bilərlər. Əgər bunu etsələr və biz onlarla qarşılaşsaq, lazım olanı edəcəyik".
ABŞ Prezidenti çıxışında İranla mümkün danışıqlara da toxunub.
"Pərdəarxası dialoqların necə getdiyini bilmirsiniz. Onlar bu vəziyyətə son qoymaq üçün görüşməyə can atırlar. İran da görüşmək istəyir. Lakin onlar ciddi və məzmunlu danışıqlara hazır olana qədər bizim görüşmək niyyətimiz yoxdur", – deyə, Tramp vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az