SON XƏBƏR: ABŞ İrana silsilə bombadrıman həyata keçirir


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib.

Qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilir.

"Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının qüvvələri beynəlxalq su yolunda mülki şəxslərin idarə etdiyi ticarət gəmilərinin hədəfə alınmasına görə İrana ciddi bədəl ödətdirmək məqsədilə bir sıra güclü zərbələr endirməyə başlayıb", - açıqlamada bildirilib.

CENTCOM qeyd edib ki, İranın hərəkətləri səbəbsiz, təhlükəli olub və atəşkəs rejiminin açıq şəkildə pozulması hesab edilir.

***

ABŞ administrasiyası İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etməkdə ittiham olunan hərəkətlərindən sonra Tehrana qarşı mümkün nəticələrin olacağını bəyan edib.

Reuters agentliyinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton İranın neft sektoruna tətbiq edilən sanksiyaların avqustun 21-dək yumşaldılmasını nəzərdə tutan qərarı ləğv edib.

ABŞ administrasiyası Hörmüz boğazında ticarət gəmilərinə hücumları "tamamilə qəbuledilməz" adlandıraraq, bunun nəticəsiz qalmayacağını vurğulayıb.

Bununla yanaşı, Vaşinqton bildirib ki, ABŞ nümayəndələri İranla yekun razılaşmanın əldə olunması istiqamətində danışıqları davam etdirirlər.

Reuters-in məlumatına görə, ABŞ İranı Hörmüz boğazında azı üç ticarət gəmisinə zərbə endirməkdə ittiham edir.

ABŞ Maliyyə Nazirliyi isə iyunun 21-də verilmiş və İranın neft sektoruna qarşı birtərəfli sanksiyaların tətbiqini avqustun 21-dək dayandıran ümumi lisenziyanın iyulun 7-dən etibarən ləğv olunduğunu açıqlayıb.

Yeni qərara əsasən, İranın neft sektoru ilə bağlı yeni əməliyyatların, o cümlədən neftin alınması və yüklənməsinin həyata keçirilməsinə icazə verilməyəcək. Əvvəlki lisenziya çərçivəsində icazə verilmiş əməliyyatların isə iyulun 17-dək başa çatdırılması tələb olunur.


MANŞET XƏBƏRLƏRİ