Bakı və Ankara ilə bağlı ŞOK çağırış – “Təcili şəkildə...”


Gürcüstan təcili olaraq Türkiyə və Azərbaycanla müdafiə müqaviləsi imzalamalıdır.

Bunu Gürcüstanın sabiq prezidentu Mixail Saakaşvili deyib.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşili sosial mediada Qafqaz bölgəsindəki hərbi təhdidlərdən danışıb. O iddia edir ki, Moskva Qərbə gedən Qafqaz yolunu bağlamağa çalışır və məhz buna görə də Vladimir Putin qonşu Ermənistana hücum planlaşdırır. Saakaşvilinin sözlərinə görə, bu məlumat digər mənbələr tərəfindən də təsdiqlənir. Keçmiş prezidentin sözlərinə görə, əgər bu əməliyyat həyata keçirilərsə, Putin mütləq Gürcüstanı işğal edəcək. Bu ssenari nə dərəcədə realdır? Gürcüstan Azərbaycan və Türkiyəyə təcili sığınmalıdırmı? Amma bu da faktdır ki, Gürcüstan ərazisini 20%-i işğal altındadır. Belə bir sənəd imzalanarsa, Bakı və Ankara avtomatik Rusiya ilə müharibə vəziyyətinə düşməzmi?

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü  keçirilib - YENİLƏNİB - AZƏRTAC

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Mixail Saakaşvilinin səsləndirdiyi fikirlər emosional siyasi bəyanatdan daha çox, regionda formalaşan yeni geosiyasi reallıqlarla bağlı narahatlığın ifadəsi kimi qiymətləndirilə bilər: “Təhlükəsizlik məsələsini təhlil edərkən ilk növbədə emosiyalara deyil, maraqlara, resurslara və real güc balansına baxmaq lazımdır. Bu gün Rusiyanın əsas hərbi-siyasi diqqəti Ukrayna istiqamətində cəmlənib. Belə bir şəraitdə Kremlin Ermənistana qarşı hərbi əməliyyat hazırladığı barədə iddiaların ciddi sübut bazası yoxdur. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə dövlətlər emosiyalarla deyil, maraqlarla hərəkət edirlər. Ermənistan Moskva ilə problemlər yaşasa da, Rusiya üçün Cənubi Qafqazda müəyyən təsir alətlərinin saxlanıldığı ölkələrdən biridir. Buna görə də Rusiyanın Ermənistana birbaşa hücum etməsi barədə deyilənlər daha çox ehtimal səviyyəsində müzakirə oluna bilər”.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib

Siyasi şərhçi deyib ki, Mixail Saakaşvilinin qaldırdığı məsələ tamamilə əsassız da deyil: “Çünki Cənubi Qafqaz böyük güclərin maraqlarının kəsişdiyi regiondur. Burada təhlükəsizlik boşluğu yaranarsa, bundan müxtəlif qüvvələr istifadə etməyə çalışacaq. Gürcüstanın əsas problemi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü məsələsi hələ də həll olunmayıb və Tbilisi öz təhlükəsizlik modelini tam formalaşdıra bilməyib. Azərbaycan və Türkiyə ilə mümkün müdafiə sazişinə gəlincə, burada hüquqi və siyasi incəliklər var. Azərbaycanın xarici siyasətində əsas prinsip milli maraqların qorunmasıdır. Bakı heç vaxt başqa dövlətlərin problemlərinə görə özünü avtomatik şəkildə hərbi qarşıdurmaya sürükləyəcək öhdəliklər götürməyə meylli olmayıb. Eyni yanaşma Türkiyə üçün də keçərlidir”.

Professorun sözlərinə görə, əslində Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı artıq mövcuddur:

“Enerji layihələri, nəqliyyat dəhlizləri və təhlükəsizlik sahəsində koordinasiya uzun illərdir davam edir. Məsələ bu əməkdaşlığın hansı səviyyəyə qədər dərinləşdirilməsindədir. Burada vacib bir məqam var. Əgər Gürcüstanın ərazi bütövlüyü ilə bağlı həll olunmamış problemlər qalırsa, kollektiv müdafiə mexanizmləri avtomatik olaraq həmin problemləri digər tərəflərin də üzərinə daşıya bilər. Bu isə həm Bakı, həm də Ankara üçün əlavə risklər yaradır. Ona görə də hesab edirəm ki, yaxın perspektivdə üçtərəfli hərbi-siyasi koordinasiyanın gücləndirilməsi mümkündür. Ancaq NATO-nun 5-ci maddəsinə bənzər, bir ölkəyə hücumu hamıya hücum sayan formatın yaranması real görünmür. Region dövlətləri hazırda daha çox təhlükəsizlik əməkdaşlığını genişləndirməyə, iqtisadi inteqrasiyanı dərinləşdirməyə və xarici müdaxilə risklərini azaltmağa üstünlük verəcəklər. Yəni məsələ "Gürcüstan Azərbaycan və Türkiyəyə sığınmalıdır" şəklində deyil. Məsələ ondadır ki, Cənubi Qafqaz ölkələri öz təhlükəsizlik arxitekturasını elə qurmalıdırlar ki, bölgə kənar güclərin qarşıdurma meydanına çevrilməsin. Bu, həm Azərbaycanın, həm Türkiyənin, həm də Gürcüstanın fundamental maraqlarına uyğundur”.


MANŞET XƏBƏRLƏRİ