Ölkədə epizootoloji vəziyyətlə bağlı genişmiqyaslı monitorinq keçiriləcək.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə ölkədə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq aparılacaq:
"10–30 iyun tarixlərini əhatə edəcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış keçiriləcək və maarifləndirmə tədbirləri həyata keçiriləcək. Eyni zamanda epizootoloji məlumatlar toplanaraq təhlil olunacaq. Tədbir respublikanın 64 rayon və şəhərini əhatə edən 258 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında təşkil ediləcək. Monitorinq zamanı hər heyvan növü üzrə 1548 baş olmaqla, 6–12 və 12–24 aylıq yaş qruplarına aid, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilmiş heyvanların müayinəsi nəzərdə tutulur".
Qeyd edilib ki, prosesdə Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcək:
"Bununla yanaşı, təsərrüfat sahiblərinə heyvan sağlamlığının qorunması, biotəhlükəsizlik qaydaları, xəstəliklərin profilaktikası, heyvanların identifikasiyası və qeydiyyatı, həmçinin mövcud baytarlıq qanunvericiliyinin tələbləri barədə məlumatlar təqdim olunacaq". /yenisabah.az/