İran prezidenti Məsud Pezeşkian ölkədə mövcud olan müxtəlif problemlərə, xüsusilə də iqtisadi çətinliklər səbəbilə yaranan ictimai narazılığa toxunaraq, hakimiyyətin xalqa münasibətində dəyişiklik etməsinin vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, Pezeşkian İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə keçirilən mərasimdə aktual məsələlərlə bağlı çıxış edib.
Prezident çıxışında ölkədə heç bir qrupa imtiyazlı yanaşmanın olmamalı olduğunu və ədalət prinsipindən kənara çıxılmamasının vacibliyini bildirib. O, bu barədə belə deyib:
“Əgər xalq bütövlükdə narazıdırsa, müəyyən bir azlığın məmnunluğunun heç bir əhəmiyyəti yoxdur. Ədalət prinsipi ilə idarə olunan hökuməti və milləti heç bir güc devirməyə qadir deyil. Biz xalqa münasibətimizi dəyişməliyik. Onlara əmr etdiyimiz insanlar kimi yox, xidmət etdiyimiz insanlar kimi baxmalıyıq.”
Aytən Yaşar/ Turkustan.az