"WhatsApp" birdəfəlik bağlanır


ABŞ mənşəli mesajlaşma tətbiqi "WhatsApp" 2026-cı ildə Rusiyada tamamilə işləməyəcək.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin müavini Andrey Svintsov bildirib.

Svintsov qeyd edib ki, "Roskomnadzor" ilin sonuna qədər "WhatsApp"-ı qəti şəkildə bloklamaq üçün bir sıra tədbirlər görəcək. O, buna səbəb kimi tətbiqin "Meta" şirkətinə məxsus olmasını göstərib və "Meta"-nın Rusiyada “ekstremist təşkilat” kimi tanındığını xatırladıb. Deputatın sözlərinə görə, 2026-cı ildə keçiriləcək Dövlət Duması seçkiləri ərəfəsində bu addım zəruri hesab olunur.

"Roskomnadzor" da 15 yanvarda verdiyi açıqlamada "WhatsApp" üzərində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün heç bir əsas görmədiklərini bəyan edib. Qurum avqust ayında dələduzluqla mübarizə məqsədilə tətbiq üzərindən zəngləri bağlamış, payız aylarında isə xidmətin sürətini azaltmağa başlamışdı. Dekabr ayında isə "WhatsApp"-ın Rusiya qanunlarını pozmağa davam etdiyi, vətəndaşların aldadılması və “terror fəaliyyətlərinə” cəlb edilməsi üçün istifadə olunduğu iddiası ilə tam bloklama barədə xəbərdarlıq edilmişdi.

"WhatsApp" hazırda 96,2 milyon istifadəçi ilə ölkədə ən populyar mesajlaşma xidməti olaraq qalır. Rusiyada yerli MAX mesajlaşma tətbiqinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ