Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR partiyasının lideri Leonid Slutski bildirib ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlar əlamətdar tarixi hadisəyə çevrilə bilər.
Turkustan.az xəbər verir ki, Slutski Telegram kanalında yazıb: “Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşünün tarixi mərhələyə çevrilmək üçün bütün şansları var. Rusiya və ABŞ dünyanın iki aparıcı nüvə dövlətidir və onların qarşılıqlı münasibətləri qlobal sabitlik və təhlükəsizliyin əsasını təşkil edir. Əminəm ki, ən geniş spektrli məsələlər Rusiya-Amerika dialoqunun tam bərpası naminə müzakirə olunacaq".
Slutski həmçinin, Ukraynadakı münaqişənin konstruktiv müzakirəsinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, “istəklilər koalisiyası” Moskvaya təzyiq göstərsə də, bu yanaşma uğursuzluğa düçar olub və Qərb hələ də “neonasist rejimə” dəstəyin mənasızlığını etiraf etmir.
Qeyd edək ki, avqustun 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putin və Tramp arasında görüş barədə razılığın əldə edildiyini açıqlayıb. Elə həmin gün Prezident Vladimir Putin də Trampla ikitərəfli görüşə hazır olduğunu təsdiqləyib və bu görüşün hər iki tərəf üçün maraq kəsb etdiyini bildirib.
ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskada keçiriləcək. Bu, Putinin ABŞ-a 2015-ci ildən bəri ilk səfəri olacaq.
Aytən Yaşar/ Turkustan.az