Braziliyadan ABŞ-a cavab: 5,5 milyard dollarlıq kredit planını açıqladı


Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın tətbiq etdiyi gömrük tariflərindən təsirlənən ixracatçılara 5,5 milyard dollar məbləğində kredit veriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu qərarın "Suveren Plan" adlandırılan yeni dəstək proqramı çərçivəsində həyata keçiriləcəyini bildirib.

Hökumətin hazırladığı və Konqresə təqdim ediləcək qanun layihəsini əhatə edən planın məqsədi, ABŞ tariflərinin mənfi təsirinə məruz qalan yerli ixracatçıları dəstəkləməkdir.

Plan çərçivəsində:

Təsirlənən şirkətlər üçün ümumilikdə 5,5 milyard dollar dəyərində güzəştli kredit ayrılacaq;

Kiçik və orta sahibkarlara 2026-cı ilin sonuna qədər 930 min dollara qədər vergi güzəştləri tətbiq olunacaq;

ABŞ-a ixracı mümkün olmayan məhsullar dövlət tərəfindən alınacaq;

Vergi ödənişlərinin təxirə salınması kimi əlavə dəstək tədbirləri də nəzərdə tutulur.

Məsələ ilə bağlı açıqlama verən Prezident Lula da Silva bildirib:
“Böhran zamanı qorxmamalı, əsəbiləşməməliyik. Böhranlar bizə yeni ideyalar və imkanlar yaradır. Bu vəziyyətdə ən narahatedici məqam isə Braziliyaya qarşı tətbiq edilən sanksiyaların heç bir əsasının olmamasıdır.”

ABŞ prezidenti Donald Tramp iyulun 9-da Lula da Silvaya göndərdiyi məktubda əgər Braziliya keçmiş prezident Jair Bolsonaro ilə bağlı məhkəmə proseslərini dayandırmasa, avqustun 1-dən etibarən ölkəyə qarşı 50 faizlik gömrük tarifləri tətbiq ediləcəyini bildirmişdi.

Lula da Silva isə iyulun 31-də Trampın bu qərarını açıq şəkildə tənqid edərək tarif artımının ədalətsiz və siyasi motivli olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ