İranla yeni oyunun pərdəarxası: Sanksiyalar buna görə yumşaldılır – Çinlə böyük anlaşma var


ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların yumşaldılmasına dair verdiyi açıqlama beynəlxalq arenada geniş rezonans doğurub. “Truth Social” platformasında yayımladığı bəyanatında Tramp bildirib ki, Çin artıq İrandan neft ala bilər: “Ümid edirəm ki, onlar həm də ABŞ-dan neft alacaqlar. Bunu həyata keçirmək mənim üçün böyük şərəf oldu”.

Bu açıqlama İranın neft satışına qoyulan qadağaların faktiki olaraq aradan qaldırılması və sanksiyaların mərhələli şəkildə ləğvinə başlanması kimi dəyərləndirilir.

Trampın bu addımı nədən xəbər verir? Perspektivdə yeni müharibə riski varmı?

Globalinfo.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, ABŞ İranın nüvə proqramından imtina etməsini tələb edir və bunun qarşılığında ona tətbiq olunan sanksiyaların yumşaldılması nəzərdə tutulur:

“Bu halda İranın neft satışına qoyulan məhdudiyyətlər aradan qaldırıla bilər. Bu da ölkə üçün müəyyən iqtisadi imkanlar yaradacaq. Əgər İran uranın zənginləşdirilməsi siyasətindən imtina edərsə, dondurulmuş milyardlarla vəsait aktivləşdirilə bilər. Bu, İran iqtisadiyyatına yeni nəfəs verəcək”.

Natiq Miri 143543

Natiq Miri

Politoloqun sözlərinə görə, danışıqlar masasında əsas məsələlər artıq bəllidir. İran rəsmiləri hər nə qədər daxili auditoriyanı nəzərə alaraq bəyanatlar versələr də, danışıqlar masasında vəziyyət tam fərqlidir:

“Rəsmi Tehranın bəzi əməliyyatları ona ciddi itkilər hesabına başa gəldi. Bu səbəbdən İranın seçim imkanları məhduddur. Donald Trampın irəli sürdüyü şərtlərlə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Əks təqdirdə, İranın bu inadkarlığı yeni müharibənin qapısını aça bilər”.


MANŞET XƏBƏRLƏRİ