İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır


İran hökumətinin sərt xətt cinahına bağlı Qumda yerləşən dini-siyasi və ideoloji mərkəzlər Azərbaycan Respublikasının vətəndaşlarından ibarət “qaçqın dəstəsi” hazırlayır.

Turkustan.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasında İran lehinə siyasi-ideoloji təbliğat aparan və təxribatçı qruplara bağlı olan şəxslərdən ibarət dəstə Qum və Tehranda yerləşdirilir.

Onların Kəşfiyyat Nazirliyi və SEPAH tərəfindən təşkilatlandırıldıqları, Azərbaycan Respublikasına qarşı siyasi-ideoloji təbliğat ünsürləri kimi istifadəyə hazırlandıqları bildirilir.

Qeyd olunur ki, mənzil və aylıq məvaciblə təmin olunan qrup üzvləri əsasən Azərbaycan Respublikasında ifşa olunan və təxribatçı fəaliyyətlərinə görə barələrində cinayət işi açılan şəxslərdən ibarətdir. Bu qəbildən olan son “qaçqın”lardan biri Göyçay rayonunun Qaraməryəm kəndindən olan Samirə Cəfərovadır. Ailəsi ilə birlikdə İrana aparılan Cəfərovanın Qumda yerləşdirildiyi və Azərbaycan Respublikasına qarşı fəaliyyəti üçün yeni imkanlar yaradıldığı vurğulanır.

O və onunla eyni dəstədə olan “qaçqın”lar Azərbaycan Respublikasında dini azadlıqların olmaması, xüsusən şiə məzhəbinə qarşı qadağaların tətbiqi edildiyi barədə yeni təbliğat kampaniyasına başlayıblar.

Qeyd edək ki, S.Cəfərova bundan əvvəl Azərbaycan Respublikasında yaşadığı zaman azyaşlıları toplayaraq qanunsuz dini ayinlər və təbliğat apardığına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məhkəmə qarşısına çıxarılıb və cərimə edilib.

O, təşkil etdiyi mərasimlərdə həm də azyaşlı qız uşaqlarının erkən evliliyini və yeniyetmələr arasında siğə üsulu ilə intim münasibətləri təbliğ etdiyinə görə həmyerlilərinin etirazları ilə qarşılaşıb./axar.az


MANŞET XƏBƏRLƏRİ