Aİ-də 2 trilyon avroluq büdcə böhranı: Liderlər razılığa gələ bilmədi


Avropa İttifaqı (Aİ) liderləri 12 saat davam edən danışıqlara baxmayaraq, 2028-2034-cü illəri əhatə edən büdcə ilə bağlı razılığa gələ bilməyiblər.

Turkustan.az xəbər verir ki, üzv ölkələr arasında büdcənin həcmi və prioritetləri ilə bağlı fikir ayrılıqları iki gün davam etməsi planlaşdırılan sammitin vaxtından əvvəl başa çatmasına səbəb olub.

Maliyyə məsələlərində razılığa gəlməkdə çətinlik çəkən Aİ liderləri bu dəfə də ənənəni poza bilməyiblər. Üzv dövlətlərin fərqli prioritetləri və gözləntiləri səbəbindən 12 saatlıq müzakirələr nəticəsiz qalıb.

Aİ Şurasının prezidenti Antonio Kostanın danışıqlar taktikası da bəzi ölkələrin narazılığına səbəb olub. Tərəflər arasında mövqelərin yaxınlaşdırılması mümkün olmadığından sammit planlaşdırılandan əvvəl yekunlaşıb.

Aİ Komissiyasının 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı ilkin təklifi 2 trilyon avro təşkil edib. Kosta daha sonra kompromis variantı kimi bu məbləğin 1,78 trilyon avroya endirilməsini təklif edib.

Lakin sammitdə daha böyük büdcənin ayrılmasını istəyən İspaniya və İtaliya ilə xərclərin azaldılmasını, müdafiə və təhlükəsizlik sahələrinə üstünlük verilməsini dəstəkləyən Almaniya və İsveç arasında fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.

Almaniya kansleri Fridrix Merts təklif olunan ixtisarları qeyri-kafi hesab edib. Fransa Prezidenti Emmanuel Makron isə bu addımı “strateji səhv” adlandırıb.

Danimarka, İsveç, Belçika və Avstriya da daxil olmaqla bir sıra ölkələr Kostanın kiçik qruplarla danışıqlar aparmaq taktikasına etiraz edərək müəyyən mərhələdə müzakirə masasından uzaqlaşıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ