Ət bazarında təhlükəli tendensiya: Ekspertdən narahatedici PROQNOZ


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 104,5 milyon ABŞ dolları dəyərində 44 min 61,5 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,3 milyon ABŞ dolları (15,8 %), həcm baxımından isə 5,5 min ton (14,2 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. 10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur. Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,5 % artıb, idxal isə 20,6 % azalıb.

Qeyd edək ki, son vaxtlar ölkəyə müxtəlif ölkələrdən davamlı olaraq idxal edilən ətin qiyməti yerli ətin qiymətindən bir qədər fərqlənir.

Bununla yanaşı, ət idxalının artmasına baxmayaraq, yerli ətin qiyməti də artır. Ət idxalının artmasını isə ekspertlər müxtəlif amillərlə izah edirlər.

Ət idxalının artması yerli fermerlərə və heyvandarlıq təsərrüfatlarına necə təsir edir? Yerli fermerlər xarici istehsalçılarla rəqabət aparmaqda niyə çətinlik çəkirlər?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, ət idxalının artması ilk növbədə yerli istehsalın daxili tələbatı tam ödəyə bilmədiyini göstərir:

"Bu vəziyyət yerli fermerlər üçün əlavə rəqabət yaradır. Xaricdən gətirilən ət bazarda təklifi artırır və bəzi hallarda qiymətlərin aşağı düşməsinə səbəb olur.
Nəticədə xərcləri yüksək olan yerli fermerlər məhsullarını sərfəli qiymətə satmaqda çətinlik çəkirlər.

Yerli fermerlərin xarici istehsalçılarla rəqabətdə çətinlik çəkməsinin əsas səbəbləri yem qiymətlərinin yüksək olması, otlaq sahələrinin və su təminatının problemləri, heyvanların saxlanması və baytarlıq xərclərinin artmasıdır.

Xarici ölkələrdə isə iri heyvandarlıq təsərrüfatları, geniş istehsal imkanları və dövlət dəstəyi hesabına məhsulun maya dəyəri daha aşağı olur".

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycanda heyvandarlıq təsərrüfatlarının böyük hissəsi kiçik və fərdi təsərrüfatlardan ibarətdir:

"Belə təsərrüfatlarda istehsalın maya dəyərini azaltmaq və məhsuldarlığı artırmaq çətindir. Buna görə də idxalın artması yerli istehsalçıların gəlirlərinə mənfi təsir göstərə, hətta bəzi fermerləri təsərrüfatlarını kiçiltməyə və ya bu sahədən çıxmağa məcbur edə bilər.

Əsas məsələ idxalı inzibati yollarla məhdudlaşdırmaq deyil, yerli istehsalın rəqabət qabiliyyətini artırmaqdır.

Bunun üçün yem təminatı yaxşılaşdırılmalı, fermerlərin güzəştli maliyyə resurslarına çıxışı genişləndirilməli, damazlıq heyvandarlıq və müasir təsərrüfat modelləri inkişaf etdirilməlidir. Əks halda, daxili tələbat artdıqca idxaldan asılılıq da artımla davam edəcək".


MANŞET XƏBƏRLƏRİ