Aparıcı kompüter alimləri və mərkəzi bank rəsmiləri süni intellekt modellərinin onilliklərdir həll olunmamış şifrələmə problemlərinin həllində inqilabi irəliləyişə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Turkustan.az xəbər verir ki, onların fikrincə, bu, bank və dövlət sirlərini cəmi bir neçə ay ərzində təhlükə qarşısında qoya bilər.
Dünyanın ən qabaqcıl süni intellekt şirkətlərinin bankların və hökumətlərin rəqəmsal təhlükəsizliyinin əsaslarını sarsıda biləcək mühüm kəşflər etdiyi iddia olunur. Nəzəri kompüter elmləri sahəsində aparıcı mütəxəssislərdən biri olan Skott Aaronson güclü süni intellekt modellərinin məxfi məlumatların qorunması üçün istifadə olunan və onilliklərdir qırılmaz hesab edilən şifrələmə açarlarının açılması istiqamətində irəliləyiş əldə etdiyini bildirib. O, riyazi problemlərin həllində əhəmiyyətli nailiyyətlərin əldə olunduğuna dair güclü əlamətlərin olduğunu vurğulayıb.
Bu iddialar təsdiqlənərsə, bank əməliyyatlarından diplomatik yazışmalara və şəxsi elektron poçtlara qədər bir çox həssas məlumatın əvvəllər düşünüldüyündən daha asan deşifrə edilməsi mümkün ola bilər. Belə bir ssenaridə kəşfiyyat orqanları, hökumətlər və maliyyə qurumları rabitə infrastrukturlarını təcili şəkildə yeniləmək zərurəti ilə üzləşə, əks halda mühüm məlumatların ifşa olunması riski ilə qarşılaşa bilərlər.
Aytən Yaşar/ Turkustan.az