Ay səthinin altında nəhəng tunellər aşkarlandı: Yeni araşdırma


Astronomlar Ayın cazibə qüvvəsi sahəsindəki incə dəyişiklikləri təhlil edərək, səthin təxminən 100 metr dərinliyində yerləşən, hər birinin eni bir kilometrdən çox olan dörd nəhəng lava borusu namizədi müəyyən ediblər.

Turkustan.az xəbər verir ki, alimlər uzun müddətdir Ayın vulkanik keçmişi nəticəsində səthinin altında ərimiş lava axınlarının yaratdığı çoxsaylı tunellərin mövcudluğundan şübhələnirlər. Ayın cazibə qüvvəsi sahəsindəki kiçik dalğalanmaların araşdırıldığı yeni tədqiqat isə səthdən təxminən 100 metr dərinlikdə gizlənən və hər birinin eni bir kilometrdən çox ola biləcək dörd yeraltı tunelin mövcudluğuna dair ciddi dəlillər ortaya qoyub.

Uzun müddət ərzində çökmədən qorunaraq bu günə qədər mövcudluğunu saxlayan həmin strukturlar Ayın geoloji tarixinə işıq salmaqla yanaşı, gələcək astronavtlar üçün də təhlükəsiz sığınacaq rolunu oynaya bilər. Belə ki, bu tunellər insanları sərt kosmik radiasiyadan və kəskin temperatur dəyişikliklərindən qoruya bilər.

Yer kürəsində də rast gəlinən lava boruları axan lavanın səthinin soyuyaraq bərkiməsi və izolyasiyaedici tavan əmələ gətirməsi nəticəsində yaranır. Bu zaman alt təbəqədəki ərimiş süxur axmağa davam edir və nəticədə yeraltı boşluq formalaşır.

Lakin Ayın zəif cazibə qüvvəsi, yüksək lava püskürmə sürəti və Ay lavalarının daha axıcı olması Yer kürəsindəki nümunələrlə müqayisə edilə biləcək, hətta onları ölçüsünə görə üstələyən nəhəng yeraltı strukturların yaranmasına şərait yaradıb.

Yerdən təxminən 384 min 400 kilometr məsafədə yerləşən Ayın səthində aşkarlanan dolama kanallar və dərin çökəkliklər də bu gizli tunellərin mövcudluğuna dair ilk ipucları hesab olunur. Alimlər həmin çökəkliklərin tunellərin tavanının çökməsi nəticəsində yarandığını ehtimal edirlər.

Ayın səthinin altında nəhəng yeraltı tunellər aşkar edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ