Vahid Ələkbərovun biznes imperiyası əlindən alınır? – Milyarderin YENİ PLANI


Rusiyanın neft nəhəngi “LUKOIL”in beynəlxalq aktivlərinin ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satılması ilə bağlı razılaşma şirkətin gələcəyi ətrafında ciddi suallar yaradıb. Xüsusilə “LUKOIL”in Azərbaycanın strateji əhəmiyyətli “Şahdəniz” qaz-kondensat yatağında 19,99 faizlik iştirak payının taleyi maraq doğurur.

Baş verənlər Vahid Ələkbərovun biznes imperiyasının gələcəyi üçün nə deməkdir?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu sövdələşmə biznes imperiyasının ən ağrılı hissəsidir:

“Məsələ şirkətin tam satılması deyil. Söhbət yalnız xarici aktivləri idarə edən “LUKOIL International” şirkətindən gedir. Yəni Rusiyadakı neft yataqları, zavodlar və əsas biznes Vahid Ələkbərovda qalır. Amma onun illərlə qurduğu beynəlxalq imperiya əlindən çıxır. Bu, könüllü qərar deyil, məcburi addımdır. Çünki ABŞ 2025-ci ilin oktyabrında LUKOIL-a sanksiya tətbiq edəndən sonra şirkət xaricdə normal işləyə bilmədi. Banklar hesabları bağladı, tərəfdaşlar əməkdaşlıqdan çəkindi, gəmilər, zavodlar və yanacaqdoldurma məntəqələri risk altında qaldı. Ya aktivləri satmalı, ya da onları itirmək təhlükəsi var idi. Sövdələşmənin özü də adi satış deyil. Todd Boelinin rəhbərlik etdiyi konsorsium pul vermir. Təxminən 10 milyard dollarlıq “LUKOIL” səhmlərini verib, əvəzində dəyəri təxminən 16 milyard dollar qiymətləndirilən beynəlxalq aktivləri alır”.

Akif N%C9%99sirli 900x506 1

Akif Nəsirli

İqtisadçı bildirib ki, LUKOIL əslində öz aktivlərini endirimlə verir:

“Üstəlik həmin səhmlər də dərhal LUKOIL-a çatmır. Onlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bloklanmış hesabda saxlanılacaq və yalnız sanksiyalar götürüləndən sonra və ya 5 ildən sonra istifadə oluna biləcək. Yəni Ələkbərov indi real pul qazanmır, sadəcə aktivlərin tam müsadirə olunmasının qarşısını alır. Azərbaycan üçün ən həssas məsələ Şahdənizdir. “LUKOIL” orada 19,99 faiz paya malikdir. Bu pay “LUKOIL International”ın içində olduğu üçün formal olaraq sövdələşmə baş tutsa, pay da yeni sahibə keçməlidir. Amma bu, dəqiq deyil. Çünki sövdələşmə hələ yekunlaşmayıb. ABŞ Maliyyə Nazirliyinin OFAC qurumu razılıq verməlidir. Bundan əvvəl iki cəhd, Gunvor və Carlyle ilə olan danışıqlar elə bu mərhələdə dayanıb. Boeli deyir ki, yekunlaşma bir ilə qədər çəkə bilər”.

Ekspert qeyd edib ki, Şahdənizdə tərəfdaşların üstün alım hüququ var:

“Yəni pay satılanda əvvəlcə digər tərəfdaşlar, məsələn, operator olan bp və SOCAR həmin payı almaq istəyib-istəmədiklərini deyə bilərlər. 2022-ci ildə “Petronas”dan pay alınanda da məhz bu hüquqa görə pay 15,5 faizdən 9,99 faizə düşdü. İndi də eyni mexanizmin işə düşməyi mümkündür. Yəni pay avtomatik olaraq Amerika konsorsiumuna keçməyə, tərəfdaşlar onu ala bilərlər.

Vahid Ələkbərov beynəlxalq aktivlərini itirməklə kifayətlənməyəcək, amma onları olduğu kimi qoruyub saxlamaq imkanını da artıq itirib. O, indi əsas məqsəd kimi Rusiyadakı biznesi qorumaq, sanksiya altında sağ qalmaq və gələcək üçün kapitalını və adını qorumaq strategiyasına keçir. Əgər siyasət dəyişsə, o, yenidən qayıda bilər. Amma bu, köhnə “LUKOIL” kimi yox, tamamilə yeni formada olacaq”.


MANŞET XƏBƏRLƏRİ