“Temu”da ucuz alış-veriş dövrü bitir? – Yeni QƏRAR


Ucuz qiymətləri və tez-tez təqdim etdiyi endirimlərlə milyonlarla istehlakçının üz tutduğu “Temu” platforması satış siyasətində dəyişikliklərə gedir. Avropada istehlakçı hüquqlarını müdafiə edən qurumların müdaxiləsindən sonra platforma saxta endirimlərdən, süni tələskənlik yaradan mesajlardan və manipulyativ satış üsullarından imtina etməyə razılaşıb. Xüsusilə qiymət artımlarının fonunda büdcəsinə qənaət etmək istəyən insanlar üçün “Temu” kimi platformalar alternativ alış-veriş məkanı hesab olunur. Bu baxımdan dəyişikliklərin Azərbaycan istehlakçılarına mümkün təsiri də maraq doğurur.

“Temu”da məhsulların qiyməti artacaqmı? Dəyişikliklərin ölkəmizdəki istehlakçılara hansı təsirləri olacaq?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, tətbiq ediləcək dəyişikliklərin məhsulların bahalaşmasına səbəb olacağını indidən söyləmək doğru olmaz:

“Avropa istehlakçı hüquqlarını müdafiə edən qurumların müdaxiləsi əsasən qiymətlərin şəffaflaşdırılmasına, saxta endirimlərin və istehlakçı davranışına təsir göstərən manipulyativ satış mexanizmlərinin aradan qaldırılmasına yönəlib. Bu tədbirlər birbaşa qiymət artımı deyil, bazarda rəqabət və istehlakçı hüquqlarının qorunması baxımından tənzimləyici yanaşmanın gücləndirilməsidir. Bununla belə, endirimlərin əvvəlki qaydada təqdim olunmaması bəzi məhsulların istehlakçı üçün daha az cəlbedici görünməsinə səbəb ola bilər. Burada əsas fərq nominal qiymətlə real qiymət arasındadır. Əgər məhsulun əvvəlki qiyməti süni şəkildə yüksək göstərilibsə, endirimin aradan qaldırılması faktiki bahalaşma yaratmır, sadəcə qiymət siyasətinin daha şəffaf olmasını təmin edir”.

gunay

Günay Hüseynova

İqtisadçı bildirib ki, dəyişikliklərin Azərbaycanda tətbiq mexanizmi və miqyası hələ tam müəyyənləşməyib:

“Lakin qlobal elektron ticarət platformalarında şəffaflığın artırılması Azərbaycan alıcıları üçün də daha sağlam istehlak mühitinin formalaşmasına xidmət edəcək. Xüsusilə qiymət müqayisəsinin asanlaşması, istehlakçıların rasional qərar qəbul etməsi və impulsiv alışların azalması baxımından bu dəyişiklikləri müsbət qiymətləndirmək mümkündür. Ümumilikdə, “Temu”nun yeni satış siyasətini qiymətlərin mütləq artması kimi deyil, elektron ticarətdə qiymət şəffaflığının və istehlakçı hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində bir addım kimi dəyərləndirmək daha məqsədəuyğundur”.


MANŞET XƏBƏRLƏRİ