ABŞ hərbi bazası yaxınlığında dron həyəcanı: 6 PUA zərərsizləşdirildi


ABŞ qüvvələrinin İngiltərənin Suffolk qraflığında yerləşən Leykenhit Hərbi Hava Qüvvələri Bazası ətrafında uçan altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirmək üçün dron əleyhinə sistemlərdən istifadə etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, hadisə zamanı bazadakı ABŞ hərbçilərinə təhlükəsizlik məqsədilə olduqları yerdə sığınmaq tapşırılıb.

“Financial Times” qəzetinin hadisə ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, noyabrın 13-də Suffolk qraflığındakı aviabazanın yaxınlığında altı dron müşahidə edilib.

Məlumata görə, dronlara qarşı müdaxilə sistemləri işə salındıqdan sonra pilotsuz aparatları ərazidən uzaqlaşdırmaq mümkün olub. Lakin onların sonrakı taleyi və haraya getdiyi məlum deyil.

Mənbələr hadisənin arxasında İranın ola biləcəyindən şübhələnildiyini bildiriblər. Bununla belə, dronların ələ keçirilə bilməməsi onların hər hansı yük daşıyıb-daşımadığı ilə bağlı suallar yaradıb.

Bildirilir ki, ABŞ və Böyük Britaniya rəsmiləri dronların casusluq avadanlığı və ya digər qurğular daşıya biləcəyi ehtimalını ciddi qəbul edirlər. Bu səbəbdən hadisənin diqqətdən kənarda saxlanılması mümkün hesab edilmir.

Hadisə zamanı bazada xidmət edən ABŞ hərbçilərinə təhlükəsizlik xəbərdarlığına uyğun olaraq sığınacaqda qalmaq tapşırığı verildiyi də qeyd olunur.

Təxminən 7 min nəfərin çalışdığı Leykenhit bazası Avropadakı ən böyük ABŞ hərbi aviasiya bazalarından biri hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ