Pezeşkian Məkkə ittifaqını alqışladı: "Müsəlmanların birləşməsi üçündür"


“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Sazişi müsəlmanların birləşməsi istiqamətində atılmış mühüm addımdır. Əldə edilən bu razılaşmanı alqışlayırıq”.

Bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Sözügedən ölkələr arasında imzalanan sazişinin İrana qarşı olmadığını vurğulayan Pezeşkian müsəlman ölkələrinin bir-birinə dəstək verməsi və birləşməsinin müsbət hal olduğunu deyib.

Pezeşkian regionda təhlükəsizliyin xarici qüvvələrin müdaxiləsi olmadan, region ölkələrinin əməkdaşlığı ilə təmin edilməsinin vacibliyini vurğulayıb. O, regionda hər hansı ölkənin “regional polis” rolunu üzərinə götürməsinin yolverilməz olduğunu bildirib.

“Əgər müsəlmanlar bir-birinə dəstək versələr, bir-birinin yanında olsalar, problemlərini öz aralarında həll etsələr, bu, çox yaxşıdır. Biz də bunun tərəfdarıyıq”, - İran prezidenti bildirib.

Pezeşkian ABŞ-la danışıqlara da toxunaraq İranın Vaşinqtona etibar etmədiyini deyib. Onun sözlərinə görə, Qətər və Pakistan İranın mesajlarını ABŞ-a çatdırıb və Tehran Vaşinqtonun son təklifə cavabını gözləyir.

İran prezidenti onu da bildirib ki, ABŞ əvvəlki danışıqlarda əldə olunan razılaşmalara əməl etməyib və bu səbəbdən Tehran yeni danışıqlara ehtiyatla yanaşır. O, İranın danışıqlara qarşı olmadığını, lakin ölkənin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğunu vurğulayıb.

Hörmüz boğazı ilə bağlı danışan Pezeşkian İranın boğazı bağlaması ilə bağlı mövqeyini də izah edib. O bildirib ki, İranın qarşısında bütün yollar bağlandıqda Hörmüz boğazının bağlanması təbii reaksiya olub.

Onun sözlərinə görə, müharibə və qarşıdurma danışıqlar yolu ilə başa çatarsa, Hörmüz boğazı yenidən ticarət gəmilərinin hərəkəti üçün açıla bilər.

İran Prezidenti Yəməndəki vəziyyətə də toxunaraq husilər və Səudiyyə Ərəbistanı arasında problemlərin dialoq yolu ilə həll edilməsinin vacibliyini qeyd edib. O, husilərin fəaliyyətlərinin İran tərəfindən idarə olunması ilə bağlı iddiaları rədd edərək Yəmən xalqının öz qərarlarını özü verdiyini bildirib.

Pezeşkian həmçinin İranın qonşu ölkələrlə münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib və müsəlman ölkələrinin qarşıdurma əvəzinə əməkdaşlığa üstünlük verməli olduğunu vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ