Dmitri Peskov: “Bu baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox vacib elementdir”
“Ermənistan Baş nazirinin Rusiyaya səfəri çoxdan razılaşdırılıb və Kreml buna hazırlaşır”. Turkustan.az rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin məıtbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan “qarşıdan gələn danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı müzakirələr aparacaqlar”.
Daha əvvəl Rusiya Prezidenti bildirib ki, əgər Yerevan belə bir xahiş edərsə, Rusiya qoşunlarını Ermənistandan çıxarmağa hazırdır. Paşinyan daha sonra bildirib ki, Moskvanın özü qərar verərsə, İrəvan etiraz etməyəcək.
"Əlbəttə ki, hərbi bazamız məsələsi də qaldırılacaq. Bu baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox vacib elementdir. Əlbəttə ki, Ermənistan tərəfinin fikrini eşitmək maraqlı olacaq", - Kremlin sözçüsü qeyd edib.
Kremlin sözçüsü qeyd edib ki, görüş zamanı Ermənistanın seçimi - Avrasiya İqtisadi Birliyində qalıb-qalmaması da müzakirə olunacaq: “Ermənistan tərəfinin hansı seçimi edəcəyi məsələsi gündəmdə olacaq. Bu, ediləcəkmi? Nə vaxt ediləcək? Necə? Avropa İttifaqına yönəlmə və eyni zamanda, AİB daxilində inteqrasiya prosesini davam etdirmək istəyi bir-biri ilə uyğun gəlmir. Biz bu barədə dəfələrlə danışmışıq. Əlbəttə ki, Ermənistan tərəfi seçim etməlidir”.
Xatırladaq ki, Ermənistanın təhlükəsizliyinin qarantı olanlardan biri 2010-cu ildə 2044-cü ilə qədər uzadılmış Rusiya-Ermənistan müqaviləsi çərçivəsində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasıdır.
Moskva o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vasitəsilə dəfələrlə bildirib ki, bazanı Ermənistan və Cənubi Qafqaz üçün təhlükəsizliyin əsas elementi hesab edir və ona “maddi alternativ” görmür. Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı mövcud müqavilələrə riayət etmək niyyətindədir və Ermənistandan da eyni şeyi gözləyir. /AYNA.AZ/