Son günlər İrana qarşı nüvə silahından istifadə oluna biləcəyi ilə bağlı yayılan məlumatlar əhali arasında ciddi narahatlıq doğururdu. Bu səhər İran rəsmilərinin ölkə əhalisinə mümkün təhlükələrdən qorunma üsulları ilə bağlı xəbərdarlıq etməsi məsələnin ciddiliyini daha da artırdı. Bu isə istər-istəməz təşvişə səbəb olur, hər halda İran Azərbaycanın qonşusudur.
Hədəf kimi adı çəkilən Natanz nüvə obyektinin Azərbaycandan təxminən 1100 kilometr məsafədə yerləşməsi ilk baxışda təhlükənin uzaq olduğunu düşündürə bilər. Lakin həmsərhəd ölkədən hava, su, külək yolu ilə şüalanma keçməsi mümkündür: radioaktiv maddələr hətta yağıntıdan sonra da yer səthinə çökərək topraq örtüyünü, bitkiləri çirkləndirər, həmçinin ortaq Araz çayı vasitəsilə potensial yayılma ehtimalı istisna olunmur.
Belə bir hadisə baş verərsə, radioaktiv çirklənmə əhalinin sağlamlığına hansı formada təsir göstərə bilər?
Radioaktiv bulud Azərbaycana çatsa da, şüalanma dozası çox aşağı olar: İnsanlarda dərhal xəstəlik və ya hər hansı təsirlənmə gözlənilmir. Əgər çirklənmə sonrakı mərhələdə də davam edərsə, xərçəng riskində müəyyən artım mümkün ola bilər.
Radioaktiv maddələr ərazidə toplanır və qida zəncirinə daxil olur: yəni su, süd, tərəvəz, göy-göyərtinin tərkibi ilə bədənə, qana keçib daxili şüalanma yarada bilər.
Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, kəskin şüa xəstəliyi üçün bütün bədənə qısa müddətdə təxminən 1 Sv doza ciddi istinad həddidir.
Amma xüsusilə risk altında olanlar qalxanabənzər vəz xəstəlikləri olanlardır. Belə ki, radioaktiv yod qalxanabənzər vəzdə toplana, radioaktiv sezium isə əzələ toxumalarında yayıla bilər. Bundan başqa, yüksək təzyiqi, ürək-damar problemləri olanlar, uşaqlar və hamilə qadınlar da risk qrupundadırlar./Bizim.Media