Trampın mövqeyi zəifləyir: İsraillə münasibətlər çat verir? - ŞƏRH


ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratların qələbəsi, Respublikaçıların isə ciddi itkilərlə üzləşməsi ölkənin siyasi gündəmində yeni müzakirələrə yol açıb.

Seçkilərin nəticələrinin Prezident Donald Trampın hakimiyyətinin qalan dövründə siyasi mövqeyinə, Konqreslə münasibətlərinə və qərarvermə imkanlarına təsir göstərəcəyi gözlənilir.

Seçkilərin diqqət çəkən digər tərəfi isə ABŞ-İsrail münasibətlərinə mümkün təsirləridir. Trampın Netanyahu hökumətinə açıq dəstəyi fonunda Demokratların mövqelərinin güclənməsi Vaşinqtonun İsrail siyasətində dəyişikliklərə səbəb ola bilərmi? Bu proses ABŞ-ın Yaxın Şərq siyasətinə və Netanyahu hökumətinin mövqelərinə necə təsir göstərəcək?

Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı. Ətraflı linkdə!

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Amerikada keçirilən aralıq seçkilər gözlənildiyi kimi, Donald Trampın partiyasının məğlubiyyəti ilə yekunlaşdı. Bunun üçün müəyyən səbəblər də var idi. Belə ki, seçkilərdən əvvəl keçirilən rəy sorğuları göstərirdi ki, Trampa ictimai etimad azalıb. Bu da Respublikaçılar Partiyasının seçkilərdə məğlub olacağına dair gözləntiləri artırırdı. Lakin məğlubiyyətin miqyasının bu qədər böyük olacağı proqnozlaşdırılmırdı. Belə ki, demokratlar təxminən yüz il ərzində qalib gələ bilmədikləri ştatlarda belə qələbə qazandılar. Bu isə kifayət qədər ciddi nəticədir.

Bundan sonra Trampın siyasi taleyi necə olacaq? Təbii ki, onu kifayət qədər çətin dövr gözləyir. Lakin Tramp oxşar vəziyyətlə özünün ilk prezidentlik dövründə də qarşılaşıb. Həmin vaxt Konqreslə münasibətlərində ciddi gərginlik yaranmış, onun fəaliyyəti ilə bağlı müxtəlif araşdırmalar və təhqiqatlar aparılmışdı. Hətta impiçment təşəbbüsləri də irəli sürülmüşdü. Bütün bunlar Trampın prezident kimi fəaliyyət göstərmək və siyasi manevr imkanlarını xeyli məhdudlaşdırmışdı.

Görünür, Tramp qarşıdakı dövrdə də oxşar çətinliklərlə üzləşəcəyini anlayır və buna hazırlaşır. Diqqət etsək, onun sosial şəbəkə paylaşımlarında da bu mövqeyi görmək mümkündür. Tramp bundan sonra özünü “Cənab veto” adlandıracağını bildirib. O, demokratlarla əməkdaşlığa hazır olduğunu, lakin razılaşmadığı məsələlərdə veto hüququndan istifadə edəcəyini vurğulayıb. Bu baxımdan, qarşıdakı iki ilin Tramp üçün kifayət qədər çətin keçəcəyi gözlənilir.

ABŞ-İsrail münasibətlərinə gəlincə, hesab edirəm ki, bu əlaqələr öz axarında davam edəcək. Lakin Trampın prezidentliyi dövründəki münasibətlərin əvvəlki səviyyədə olmayacağı qənaətindəyəm. Demokratlar bu məsələdə mümkün qədər ehtiyatlı davranmağa, İsrailin həddindən artıq radikal addımlar atmasının qarşısını almağa və Trampın mövqeyini tarazlaşdırmağa çalışacaqlar.

Doğrudur, ABŞ-da xarici siyasəti əsasən prezident müəyyənləşdirir və həyata keçirir. Bununla belə, Konqresin də bu proseslərə müəyyən təsir göstərəcəyi şübhəsizdir. Eyni zamanda, İran-ABŞ qarşıdurması və Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonun siyasətində müəyyən dəyişikliklərin baş verməsi ehtimalı da yüksəkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ