2027-ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? – SİYAHI


Dünya bazarında ərzaq məhsullarının qiymətlərinin 2027-ci ildə də artacağı proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının hesablamalarına əsasən, gələn il qlobal ərzaq qiymətləri indekslərində yüksəliş gözlənilir. Bununla belə, təşkilatların qiymət artımının miqyası ilə bağlı proqnozları bir-birindən fərqlənir.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin materiallarında əksini tapıb.

Bəs Azərbaycanda hansı ərzaq məhsullarının qiymətində artım gözlənilir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az” - a bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiymətlərinin artması 2027-ci ildə Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək:

“İlk növbədə, buğda, un, bitki yağları, düyü, qarğıdalı, şəkər, süd məhsulları, toyuq və mal əti, eləcə də yumurtanın qiymətlərində artım riski var. Xüsusilə buğda və bitki yağları üzrə dünya bazarında baş verən qiymət dəyişiklikləri Azərbaycana daha çox təsir göstərə bilər. Çünki bu məhsullar üzrə idxaldan asılılıq mövcuddur. Digər tərəfdən, qarğıdalı və digər yem məhsullarının bahalaşması heyvandarlıq və quşçuluqda istehsal xərclərini artıraraq ət, süd və yumurta qiymətlərinə də təsir edə bilər. İdxal olunan meyvə və tərəvəzlərin qiymətlərində də artım ehtimalı istisna deyil.

Yerli istehsalın artırılması qiymət artımının qarşısını almaq üçün ən vacib vasitələrdən biridir, lakin mövcud istehsal imkanları ilə qlobal bahalaşmanın təsirini tam neytrallaşdırmaq mümkün olmayacaq. Çünki Azərbaycan bəzi ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinə çatsa da, buğda, bitki yağları, kərə yağı və bir sıra digər məhsullar üzrə xarici bazarlardan asılılıq qalmaqdadır. Üstəlik, yerli fermerlər də toxum, gübrə, yanacaq, yem, texnika və suvarma xərcləri ilə üzləşirlər. Bu xərclərin bir hissəsi dünya bazarındakı qiymətlərdən asılıdır. Ona görə də xaricdə bahalaşma yerli istehsalın maya dəyərinə də təsir edir".

Burada əsas məsələ yalnız istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır:

"Xüsusilə taxılçılığın inkişafı, yağlı bitkilərin əkin sahələrinin genişləndirilməsi, heyvandarlıq üçün yerli yem bazasının gücləndirilməsi vacibdir. Azərbaycan ərzaq təhlükəsizliyini idxaldan asılılığı azaltmaqla təmin etməlidir”.

İqtisadçı qeyd edib ki, əks halda, yerli istehsal müəyyən məhsullar üzrə qiymət artımını zəiflədə bilsə də, dünya bazarındakı bahalaşmanın daxili bazara təsirini tam aradan qaldıra bilməyəcək.


MANŞET XƏBƏRLƏRİ