Soyuducular kiberhücumların hədəfinə çevrildi: Agentlik xəbərdarlıq etdi


Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb. 2026-cı il oktyabrın 11-də Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir.

Təhlükə yalnız ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) soyutma avadanlıqlarına qarşı kiberhücum riskləri ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər.

İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilələrin səhərədək aşkarlanmamasına səbəb olur. Nəticədə həmin avadanlıqlarda saxlanılan məhsullar yararsız hala düşə bilər.

"Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. Bu çərçivədə istehsalçı dəstəyi dayandırılmış "Danfoss AK-SM 800" və "AK-SC 355" modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən "AK-SM 800A" kontrollerləri, eləcə də "Copeland XWEB" və "Dixell XWEB" sistemləri diqqət mərkəzindədir.

İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər sırasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır.

Bu cür müdaxilələrin nəticələri yalnız maddi itkilərlə məhdudlaşmır. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, həmçinin dərman vasitələrinin və digər tibbi məhsulların tələb olunan şəraitdə saxlanılmamasına səbəb ola bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə də soyutma sistemlərinə yönəlmiş kiberhücum risklərinə qarşı ehtiyatlı olmağa çağırır.

Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə olunur:

- İdarəetmə interfeyslərinin internet üzərindən birbaşa əlçatanlığı məhdudlaşdırılmalı, uzaqdan giriş yalnız təhlükəsiz kanallar vasitəsilə təmin edilməlidir.

- Standart istifadəçi adları və şifrələr dəyişdirilməli, mürəkkəb və unikal giriş məlumatlarından istifadə olunmalıdır.

- Proqram təminatı və avadanlıqlar mütəmadi olaraq yenilənməli, istehsalçı dəstəyi dayandırılmış sistemlərin əvəzlənməsi planlaşdırılmalıdır.

- İdarəetmə sistemlərinə girişlər və əməliyyatlar davamlı monitorinq edilməli, qeyri-adi fəaliyyətlər vaxtında aşkarlanmalıdır.

- Temperatur göstəricilərində kəskin dəyişikliklərlə bağlı xəbərdarlıq mexanizmləri qurulmalı, ehtiyat nəzarət və müdaxilə prosedurları hazırlanmalıdır", - deyə məlumatda vurğulanıb.


MANŞET XƏBƏRLƏRİ