Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslər üçün yeni qayda tətbiq olunacaq.
Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib. Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.
Əl yükündə və ya baqajda kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edəcək.
Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur. Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.
Bu dəyişikliklərin əsas iqtisadi səbəbləri nələrdir?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, burada məsələnin başqa tərəfi diqqət çəkir:
Vətəndaş xaricdən eyni məhsulu daha ucuz qiymətə ala bilirsə, onun həmin məhsulu ölkəyə gətirməsini çətinləşdirmək əslində istehlakçının seçim imkanlarını məhdudlaşdırmaqdır.
Çünki vətəndaşa deyilir ki, xaricdən daha ucuz alıb gətirmək əvəzinə, gəlib daxili bazardan al. Amma əsas sual budur ki, daxili bazarda niyə eyni məhsul daha bahadır?
Əgər məqsəd vətəndaşın xaricdən ucuz məhsul gətirməsinin qarşısını alıb onun alışını daxildəki mağazalara yönəltməkdirsə, bu, artıq istehlakçının marağının qorunması deyil. Bu, bazarın inzibati yollarla müəyyən satış kanallarına yönləndirilməsi deməkdir.
Dövlətin vəzifəsi vətəndaşa haradan alış etməli olduğunu diqtə etmək yox, onun daha ucuz, keyfiyyətli və təhlükəsiz məhsul almaq imkanını təmin etməkdir. Burada bir az ruslr demiş, “по понятиям” yanaşması da görünür.
Xaricdən vətəndaş daha ucuz məhsul alır, ölkəyə gətirir və biz müxtəlif gömrük ödənişləri tətbiq etməklə onun qiymətini daxili bazardakı məhsulun qiymətinə yaxınlaşdırmağa çalışırıq. Amma bunun iqtisadi məntiqi nədir?
Əgər vətəndaş həmin məhsulu xaricdə daha ucuz ala bilirsə, niyə biz onun ucuz alış imkanını məhdudlaşdırmalıyıq? Daha maraqlısı odur ki, daxildə mağazada gömrük rüsumları, vergilər, logistika, icarə və digər xərclər hesabına maya dəyəri şişmiş məhsul var.
Amma vətəndaş həmin qiymətə almaq istəmir. O zaman çox sadə sual yaranır: bu məhsul mağazada niyə qalmalıdır? Əgər məhsulun “kəlləçarx” maya dəyəri formalaşıbsa və bazarda həmin qiymətə alıcı yoxdursa, vətəndaşın xaricdən daha ucuz məhsul almasının qarşısını kəsməklə bu problemi həll etmək mümkün deyil.
Əksinə, rəqabəti məhz bu yolla zəiflədirik. Vətəndaşın xaricdən ucuz almaq imkanını məhdudlaşdırırıq ki, o, daxildə daha baha məhsul alsın”.
Ekspertin sözlərinə görə, bu, sağlam rəqabət deyil:
“Sağlam bazarda mağaza vətəndaşı gömrük məhdudiyyəti hesabına deyil, daha aşağı qiymət, daha yaxşı keyfiyyət və xidmət hesabına özünə cəlb etməlidir. Əgər yerli satıcı xarici satıcı ilə qiymət baxımından rəqabət apara bilmirsə, dövlət ilk növbədə bunun səbəbini araşdırmalıdır.
Gömrük rüsumu həddindən artıqdırmı? Logistika xərcləri niyə yüksəkdir? Vergi və digər inzibati xərclər nə qədərdir?
Bazarda inhisarçılıq və ya həddindən artıq ticarət marjası varmı? Bu suallar araşdırılmadan istehlakçının alternativini bağlamaq ən asan yoldur, amma iqtisadi baxımdan ən sağlam yol deyil. Əlbəttə, kommersiya məqsədilə kütləvi mal gətirilməsi ilə vətəndaşın şəxsi istehlakı üçün xaricdən məhsul alması eyni şey deyil. Kommersiya fəaliyyətinə qarşı nəzarət tamamilə başadüşüləndir.
Amma şəxsi istehlakçıya tətbiq edilən mexanizmlər nəticədə onu “xaricdən alma, daxildən al” vəziyyətinə gətirirsə, burada ciddi sual yaranır: biz bazarı istehlakçı üçün qoruyuruq, yoxsa satıcının satışını təmin etmək üçün?
Mən hesab edirəm ki, dövlət mağazaların satışını təmin etmək üçün vətəndaşın xaricdən alış imkanlarını məhdudlaşdırmamalıdır. Əgər mağazadakı məhsul baha olduğuna görə satılmırsa, onun satılması üçün vətəndaşın alternativini bağlamaq olmaz.
Çünki nəticədə biz bazarı istehlakçı üçün deyil, satıcı üçün qorumuş oluruq. Burada çox sadə iqtisadi prinsip var:
istehlakçının seçimi nə qədər çoxdursa, satıcının qiyməti aşağı salmaq məcburiyyəti bir o qədər artır. Əksinə, vətəndaşın alternativlərini inzibati yollarla azaltdıqca, satıcının qiymət üzərində gücü artır. Bu isə uzunmüddətli perspektivdə qiymətlərin aşağı düşməsinə yox, daha da bahalaşmasına səbəb ola bilər.
Ona görə də gömrükdə rəqəmsallaşma və şəffaflıq müsbət addımdır, amma bu mexanizm vətəndaşın daha ucuz alış imkanını məhdudlaşdıran alətə çevrilməməlidir. Dövlətin vəzifəsi vətəndaşa “haradan alacağını” göstərmək və ya məcburi yönləndirmə olmamalıdır.
Dövlət elə rəqabətli bazar yaratmalıdır ki, yerli mağaza vətəndaşı xaricdən alışını qadağan etməklə yox, qiyməti və keyfiyyəti ilə özünə cəlb etsin. Əks halda çox təhlükəli bir məntiq yaranır ki, əvvəl vətəndaşın ucuz alış alternativini məhdudlaşdırırıq, sonra isə ona daxili bazardakı daha baha məhsulu almağı tövsiyə edirik. Bu yanaşmanın adı istehlakçının müdafiəsi deyil. İstehlakçının müdafiəsi onun seçimlərini azaltmaq yox, seçimlərini artırmaqdır”.
İqtisadçı qeyd edib ki, əgər “kəlləçarx” maya dəyəri ilə mağazada məhsula alıcı tapılmırsa, həll yolu vətəndaşı həmin məhsulu almağa məcbur etmək deyil:
“Həll yolu həmin maya dəyərinin niyə bu qədər yüksək olduğunu tapmaqdır”.