Rusiya mətbuatı və sosial şəbəkələr son zamanlar 10-20 il bundan əvvəl ölkə Prezidenti Vladimir Putinlə bağlı səslənən fikirləri yenidən gündəm etməyə başlayıb.
2005-ci ildə rus oliqarxı və siyasətçisi, Putinlə münasibətləri gərgin olan Boris Berezovski “Kommersant” qəzetinə müsahibəsində ironik şəkildə bildirib ki, Putin İsrailə köçəcək və ana tərəfdən entik yəhudi olaraq bu ölkənin vətəndaşlığını alacaq.
Amma mənbələr Putinin anası Mariya İvanovna Şelomovanın, heç də yəhudi olmadığını göstərir.
Rəsmi mənbə və sənədlərə görə, Mariya İvanovna Şelomova 1911-ci ildə Tver quberniyasının Zareçye kəndində rus kökünə sahib kəndli ailəsində anadan olub. Yəni rəsmi tərcümeyi-halında və genealoji tədqiqatlarda ailə rus kökənli kimi təqdim olunur.
Bununla belə vaxtaşırı Putinin anası haqqında ictimai məkanda və bəzi media orqanlarında təsdiqini tapmayan fərqli versiyalar da gündəmə gəlir.
Məsələn, Gürcüstanda yaşamış Vera Putina (1926–2023) adlı bir qadın uzun illər Vladimir Putinin onun bioloji oğlu olduğunu iddia edib. Bu iddiaya görə də həmin qadın milliyyətcə rus olub, lakin sonradan Gürcüstana köçüb.
Putinlə bağlı neçə illər əvvəl səslənən fikirlərin yenidən ortaya atılması görəsən nə məqsəd daşıyır?
Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, son dövrlər Putin ölkə ictimai rəyində mövqeyini itirir:
“Dünən müharibə Ukrayna ərazisində gedirdisə, indi müharibə gəldiyi yerə qayıdıb. Hətta Rusiyanın elit şəhərləri sayılan Moskva və Sankt-Peterburq sakinləri də müharibənin ağırlığını öz çiyinlərində hiss etməyə başlayıb. Perespektivdə Rusiyada qışın çətin keçəcəyilə bağlı əndişələr də artıb. Çünki Ukrayna da qışla bağlı məsələyə ciddi hazırlaşır, Moskva və Sankt-Peterburqun əsas enerji körpülərinin məhv edilməsinə hazırlıqlar görür. Bu da o deməkdir ki, Ukrayna dövləti qışda “qaranlığa” düçar olacaqsa, Rusiyanın ürəyi sayılan sözügedən iki şəhər də anoloji vəziyyətə düşəcək. Deməli, həyat dayanacaq. Ona görə də Putin ictimai rəydə sürətlə nüfuz itkisinə uğrayır”.
Bu isə müsahibimizin fikrincə, Putin haqqında mənfi fikirlərin tədricən də olsa, geniş yayılmasına rəvac verir:
“Dünənə qədər Putinlə bağlı mənfi fikir bildirməkdən çəkinənlər, indi müxtəlif səpkilərdə onun haqqında aşağılayıcı fikirlərlə çıxış edirlər. Onun hətta Rusiyadan qaçacağı, tezliklə hakimiyyəti itirəcəyi, bəzi qüvvələrin Putini asacağı ilə bağlı təhdidlər də səslənir. Bunlar onu göstərir ki, Rusiya dövləti və Putinin imperiya iddiası sürətlə məğlubiyyətə uğrayır”.
Ekspert hesab edir ki, bu cür məğlubiyyətlər ortaya çıxdıqca, Putinin üzərinə gələnlərin sayları da artacaq:
“Bunların hamısı Putinin mövqeyinin zəiflədiyini və cəmiyyətdə ona olan inamın təməldən sarsılmağa başladığını göstərir”.