“Qarabağ Zəfəri və Türk dünyasının birliyi”


Qarabağ Zəfəri Türk dünyasını mədəni yaxınlıqdan daha dərin inteqrasiya mərhələsinə çıxardıp

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Yeddinci mövzusu “Qarabağ Zəfəri və Türk dünyasının birliyi” adlanır. Bu mövzu çərçivəsində 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni reallıq, Türk dünyasının şahlanışı, Türk dünyasında həmrəylik və s. kimi məqamlar müzakirə olunur. Mövzu ilə bağlı təqdim etdiyimiz müsahibələrdə sözügedən məqamlara toxunulub.

Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:

1. Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, eyni zamanda regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırdı. Siz bu qələbənin Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?

2. 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə türk dövlətləri arasında nümayiş olunan həmrəylik Türk dünyasında birlik və inteqrasiya proseslərinə hansı təsirləri göstərdi? Bu həmrəyliyin gələcək əməkdaşlıq modelinə necə təsir edəcəyini düşünürsünüz?

3. Bir çox ekspertlər Qarabağ Zəfərini Türk dünyasının özünəinamının artdığı və yeni yüksəliş mərhələsinə qədəm qoyduğu tarixi dönüş nöqtələrindən biri kimi dəyərləndirirlər. Sizcə, bu proses türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsinə hansı töhfələri verə bilər?

Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz - Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay və Türkiyənin Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölməsinin müəllimi, tədqiqatçı Dos. Dr. Yılmaz Özkayadır.

İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Açıklama yok.

Yılmaz Özkaya: Qarabağ Zəfəri Türk dünyasının fiziki və intellektual bütövlüyü üçün yeni yol açdı

1.Bu Zəfərin strateji əhəmiyyəti coğrafi bir həqiqətdən doğur. Azərbaycan, Türkiyə ilə Xəzərin o tayındakı türk dövlətləri arasında quru əlaqəsinin qurula biləcəyi yeganə ölkədir; Türk dünyası elə bu səbəbdən Bakıda birləşir. Otuz il davam edən işğal bu birliyi tam olmağa qoymamış, yəni Naxçıvan ana vətəndən ayrı düşmüş, Türkiyə ilə Orta Asiya arasındakı bağlantı tək və kövrək bir marşrutla məhdudlaşmışdı. Ərazi bütövlüyünün bərpası bu maneəni aradan qaldırdı; bu gün nəqliyyat xətləri üzərində aparılan işlər də bunun təbii nəticəsidir. Nəticə budur: Türk dünyası mədəni yaxınlıq hissi ilə bir arada tutulan bir təsəvvür olmaqdan çıxıb, üzərində mal, sərmayə, tələbə və kitab dolaşa bilən bitişik bir coğrafiyaya çevrilmək imkanı qazandı. Gələcəyə dair hər inteqrasiya təsəvvürünün - istər iqtisadi, istər elmi olsun - ilk növbədə fiziki bir zəminə ehtiyacı olduğu düşünülərsə, 2020-ci ilin əsl qazancının elə o zəminin özü olduğu görünür.

2.Qırx dörd günlük müharibə ərzində ortaya qoyulan həmrəyliyin ən qalıcı nəticəsi, simvolik səciyyəli yaxınlığın institusional bir çərçivəyə keçməsidir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin ardınca Türk Şurasının həmin il İstanbulda Türk Dövlətləri Təşkilatı adını alması bu keçidin ən açıq sənədidir. Beləliklə əməkdaşlığın hansı model üzərindən yürüyəcəyi də aydınlaşmışdır: tək mərkəzli bir siyasi birlik deyil, müəyyən sahələrdə ölçülə bilən öhdəliklərə söykənən mərhələli bir inteqrasiya. Müdafiə sənayesi, nəqliyyat infrastrukturu, enerji ötürücü xətlər, ali təhsildə diplomların tanınması və müştərək tədris proqramları bu sahələrin başında gəlir. Qənaətimcə doğru olan da budur; çünki siyasi birlik əksərən iqtisadi və texniki əməkdaşlığın toplanmış nəticəsi kimi təşəkkül tapır, əks istiqamətdə irəliləyən təşəbbüslər isə ömürsüz olmuşdur.

3.Özünəinamın artdığı hökmünə şərikəm. Əsl məsələ bu ruh halının hansı zəminə çevriləcəyidir; və mənə elə gəlir ki, ən məhsuldar zəmin çox vaxt güman edildiyi kimi iqtisadiyyat deyil, dil və elm sahəsidir. Ticarət həcmi yaxşı şəraitdə bir neçə ilə artırıla bilər; ortaq bir elmi dil isə nəsillər boyu davam edən zəhmət tələb edir. 2024-cü ildə Bakıda otuz dörd hərfli ortaq əlifba üzərində əldə olunan razılaşma bu istiqamətdə atılmış mühüm addımdır. Lakin əlifba birliyi tək başına qarşılıqlı anlaşılanlığı təmin etmir; bunun ortaq elmi terminologiya, qarşılıqlı oxuna bilən nəşrlər, arxivlərin rəqəmsallaşdırılması və professor-müəllim heyətinin mobilliyi ilə tamamlanması gərəkdir. Bu məqam diqqətəlayiqdir: 2026-cı il Birinci Bakı Türkoloji Qurultayının yüz illiyidir və 1926-cı ildə toplanan həmin qurultayın gündəliyi- əlifba, terminologiya, ortaq ədəbi dil - bu gün demək olar ki, eyni başlıqlarla qarşımızda durur. Aradakı fərq isə həlledicidir: 1926-cı ildə bu gündəliyi daşıyacaq müstəqil siyasi iradə yox idi, bu gün vardır. Qarabağdan sonrakı dövrün türk dünyasına ən qalıcı töhfəsi, qənaətimcə, məhz burada axtarılmalıdır.

Açıklama yok.

Yusuf Tekinay: Qarabağ Zəfəri Türk dünyasının ortaq iradəsini və gələcək hədəflərini gücləndirdi

1.Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qarabağ Zəfəri yalnız işğal altındakı torpaqların azad edilməsi demək deyil. Bu Zəfər beynəlxalq hüquqa, milli iradəyə və uzun illər ərzində səbir və əzmlə aparılan haqlı mübarizəyə əsaslanan yeni regional reallıq yaradıb. Eyni zamanda Türk dünyasına ortaq tarix və qardaşlıq bağlarının konkret siyasi, iqtisadi və strateji əməkdaşlığa çevrilə biləcəyini göstərib. Şuşada ucalan Zəfər bayrağı Bakıdan Ankaraya, Lefkoşadan Astanaya qədər bütün Türk dünyasında ortaq qürur və həmrəyliyin simvoluna çevrilib.

Qarabağ Zəfərinin ən mühüm nəticələrindən biri türk dövlətləri arasındakı həmrəyliyin yalnız bəyanatlar səviyyəsində qalmayaraq, real nəticələri olan iradəyə çevrilməsidir. Türkiyənin müharibə dövründə Azərbaycana göstərdiyi açıq siyasi və mənəvi dəstək “iki dövlət, bir millət” anlayışını yeni mərhələyə yüksəldib. Bu həmrəylik hər hansı bir ölkəyə qarşı yaradılmış müvəqqəti ittifaq deyil, suverenlik, ərazi bütövlüyü, qarşılıqlı etimad və ortaq gələcək prinsipləri üzərində qurulan strateji modeldir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan münasibətləri Türk Dövlətləri Təşkilatı üçün də güclü nümunə təşkil edir.

2.Gələcək dövrdə bu model fəlakətlərin idarə olunmasından sərhəd təhlükəsizliyinə, müdafiə sənayesindən kibertəhlükəsizliyə, enerji təhlükəsizliyindən dezinformasiya ilə mübarizəyə qədər bir çox sahədə ortaq mexanizmlərin yaradılmasına töhfə verə bilər. Lakin dövlətlər arasında imzalanan sazişlərin cəmiyyətlərdə davamlı qarşılıq tapa bilməsi üçün vətəndaş cəmiyyəti təşkilatlarının prosesə daha fəal şəkildə cəlb olunması zəruridir. Türk Dünyası 2040 Vizyonu da üzv ölkələrdəki vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyətinin və təşkilatın işində fəal iştirakının əhəmiyyətini açıq şəkildə ortaya qoyur.

Biz Türk dünyasının vətəndaş cəmiyyəti nümayəndələri olaraq siyasi iradənin açdığı yolu xalqlar, iş adamları, gənclər, qadın sahibkarlar, alimlər və peşə təşkilatları arasında davamlı əlaqələrlə möhkəmləndirməliyik. Vətəndaş cəmiyyəti təşkilatları yalnız keçirilən toplantılarda iştirak edən qurumlar olmamalı, ortaq layihələr hazırlayan, qərar qəbul edən şəxslərə təkliflər təqdim edən, gənclər və sahibkarlıq şəbəkələri yaradan, ictimai diplomatiyanı inkişaf etdirən öncül aktorlara çevrilməlidirlər.

Hesab edirəm ki, türk dövlətlərinin vətəndaş cəmiyyəti təşkilatları arasında ortaq layihə fondları, gənc liderlərin mübadilə proqramları, qadın sahibkarlığı platformaları və illik vətəndaş cəmiyyəti forumları həyata keçirilməlidir. Kuzey Kıbrıs türk xalqı da tarixi, mədəni və mənəvi bağları ilə bu ortaq gələcəyin təbii bir parçasıdır. Qarabağ Zəfərinin ruhu yalnız mərasimlərdə xatırlanan bir tarix deyil, ortaq inkişafa istiqamət verən canlı iradə olmalıdır.

3.Bu məqamda Zəngəzur Dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyası baxımından tarixi imkan yaradır. Dəhlizin açılması Azərbaycan ilə Naxçıvan arasındakı bağlantını gücləndirməklə yanaşı, Türkiyədən Xəzərə və Orta Asiyaya qədər uzanan fasiləsiz nəqliyyat xəttinin inkişafına da töhfə verəcək. Orta Dəhlizlə inteqrasiya olunacaq bu marşrut yük daşımalarını sürətləndirə, logistika xərclərini azalda, yeni investisiya mərkəzlərinin yaranmasına imkan verə və türk dövlətləri arasındakı ticarəti daha rəqabətqabiliyyətli edə bilər. Türk Dövlətləri Təşkilatının mənbələri də Zəngəzur dəhlizinin iqtisadi və mədəni inteqrasiya baxımından daşıdığı əhəmiyyətə diqqət çəkir.

Lakin biz dəhlizə yalnız dəmir yolu, avtomobil yolu və gömrük-keçid məntəqələrindən ibarət bir layihə kimi yanaşmamalıyıq. Əsas məqsəd ortaq istehsal zonaları, vençur kapitalı fondları, rəqəmsal ticarət infrastrukturu, qarşılıqlı investisiyalar üçün əlverişli mexanizmlər, universitet-sənaye əməkdaşlığı, eləcə də qadın və gənc sahibkarları əhatə edən yeni iqtisadi ekosistem yaratmaqdır. Vətəndaş cəmiyyəti təşkilatları bu prosesin ictimai və iqtisadi daşıyıcısı olmalıdır.

Qarabağ Zəfəri Türk dünyasına birlikdə hərəkət edildiyi zaman tarixin gedişatının dəyişdirilə biləcəyini göstərib. İndi bizim vəzifəmiz bu hərbi və siyasi Zəfəri davamlı sülhə, iqtisadi rifaha və institusional inteqrasiyaya çevirməkdir. Dövlətlərin qətiyyəti, vətəndaş cəmiyyətinin enerjisi və iş dünyasının təşəbbüskarlığı bir araya gəldikdə Türk dünyası yalnız ortaq keçmişi ilə deyil, birlikdə qurduğu güclü gələcəyi ilə də dünya səhnəsində öz layiqli yerini tutacaq.

Fuad Hüseynzadə

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ