Almaniya kansleri Fridrix Merz Almaniya üçün Alternativ (AfD) partiyasının miqrantların ölkədən çıxarılması ilə bağlı “geri qayıdış miqrasiyası” siyasətinə qarşı çıxıb.
Turkustan.az xəbər verir ki, Merz Bundestaqda büdcə müzakirələri zamanı çıxışında bildirib ki, ölkədə çalışan miqrantların kütləvi şəkildə geri göndərilməsi Almaniyanın əmək bazarı üçün ciddi problemlər yaradacaq.
“Bu siyasətin nəticəsində nə qocalar evləri, nə xəstəxanalar, nə də restoranlar normal fəaliyyət göstərə biləcək”, – deyə kansler vurğulayıb.
Merz qeyd edib ki, Almaniyada sənətkarlıq və xidmət sahələrində çalışanların əhəmiyyətli hissəsini miqrantlar təşkil edir.
O, sığınacaq müraciətləri rədd edilən şəxslərin ölkədən çıxarılması ilə bağlı AfD-nin tələbinə də toxunaraq bildirib ki, “geri qayıdış miqrasiyası”nın dəri rənginə və mənşəyə görə həyata keçirilməsi etnik təmizləmə olardı.
Kansler Almaniyada işləyən və ölkənin rifahına töhfə verən şəxslərlə ölkədə qalmaq hüququ olmayan və ölkəni tərk etməli olanlar arasında fərq qoyulmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az