Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin səhmlərinin 100 faizini dövlətin tərkibinə keçirməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, özgəninkiləşdirmə prosedurunun 1 oktyabr 2027-ci ilədək başa çatdırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı müraciətə sentyabrın 24-dək baxılması planlaşdırılır. Layihəyə əsasən, səhmlərin alıcısı Ermənistan dövləti olacaq. Özgəninkiləşdirmə prosesinin koordinasiyası isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə həvalə ediləcək. Prosesin 1 iyul 2027-ci ilədək başlanması təklif olunur.
Sənəddə qeyd edilir ki, səhmlərin dövlətə keçirilməsi dövlət və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquq və qanuni maraqlarının qorunması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin sosial və strateji əhəmiyyətli obyektlərin sabit fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.
Qanunvericiliyə əsasən, şirkətin sahiblərinə əvvəlcədən və bərabər dəyərdə kompensasiya ödənilməsi nəzərdə tutulur./Globalinfo.az