Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti Suriyanın keçmiş Bəşər Əsəd rejiminin elan edilməmiş nüvə fəaliyyəti ilə bağlı 2011-ci ildən davam edən işi bağlamaq barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, Vyanada keçirilən MAQATE İdarə Heyətinin iclasında məsələ ilə bağlı qətnamə yekdilliklə qəbul edilib.
Qətnamədə bildirilir ki, yeni Suriya administrasiyası Agentliyə lazımi məlumat və giriş imkanları təqdim edib, əvvəllər elan edilməmiş nüvə materialları isə MAQATE-nin təhlükəsizlik yoxlamalarının əhatəsinə daxil edilib.
Sənəddə Suriyanın keçmiş nüvə fəaliyyəti ilə bağlı təhlükəsizlik məsələlərinin aydınlaşdırıldığı və 2011-ci ildə müəyyən edilmiş öhdəliklərin pozulması hallarının aradan qaldırıldığı qeyd olunur.
Qətnamədə həmçinin yeni Suriya administrasiyasının MAQATE ilə şəffaf əməkdaşlığı yüksək qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az