Ermənilər Krasnodarda "İkinci Qarabağ" yaradır


Rusiyanın Krasnodar diyarı uzun illərdir erməni diasporunun ən sıx məskunlaşdığı bölgələrdən biri kimi tanınır. Rəsmi siyahıyaalmada ermənilər ruslardan sonra diyarda ən böyük etnik qrupdur. 2021-ci il siyahıyaalmasına görə Krasnodarda 211 mindən çox erməni yaşayır və onların payı 3,62 faiz təşkil edir.

Lakin burada diqqət çəkən məqam yalnız rəqəm deyil. İllərdir erməni icması tərəfindən real sayın rəsmi statistikadan xeyli yüksək olduğu barədə müxtəlif rəqəmlər səsləndirilir. Məsələn, Rusiyadakı erməni icmasının bəzi nümayəndələri əvvəlki illərdə Krasnodar vilayətində 1 milyon erməninin yaşadığını iddia ediblər.

Krasnodarın ermənilər üçün cəlbedici olmasının səbəblərindən biri burada formalaşmış tarixi icmadır. Bölgədə ermənilərin məskunlaşması yeni proses deyil. Hətta sovet dövründə burada ayrıca Erməni Milli Rayonu mövcud olub. Rayon 1925-ci ildə yaradılıb, əsasən ermənilərin yaşadığı əraziləri əhatə edib və 1953-cü ildə ləğv olunaraq ərazisi qonşu rayonlar arasında bölüşdürülüb.

Başqa sözlə, bugünkü Krasnodar erməni diasporu üçün sadəcə yeni yaşayış məkanı deyil. Burada tarixən formalaşmış kəndlər, ailə əlaqələri, dini və ictimai institutlar mövcuddur. Bölgədə erməni kilsələri və müxtəlif milli-mədəni təşkilatlar da fəaliyyət göstərir. Son illərdə bu mənzərəyə daha bir amil əlavə olunub - Qarabağdan könüllü şəkildə köçən ermənilər. Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiya ilə əvvəldən mövcud olan ailə və qohumluq əlaqələri var. Xüsusilə, Krasnodar, Soçi və digər Rusiya şəhərlərində yaşayan qohumların olması yeni gələnlər üçün məhz bu bölgəni potensial məskunlaşma istiqamətinə çevirib.

Bu, diaspor miqrasiyasında klassik mexanizmdir: artıq müəyyən icmanın formalaşdığı əraziyə yeni gələnlər üçün yaşayış, iş, sosial əlaqələr və qohum dəstəyi tapmaq daha asan olur. Beləliklə, ayrı-ayrı ailələrin köçü zamanla daha kompakt məskunlaşmaya çevrilə bilər. 2023-cü ildən sonra Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiyanın cənubuna, o cümlədən Krasnodar istiqamətinə yönəlib. 2026-cı ildə isə müxtəlif erməni mənbələri Qarabağdan köçənlərin Rusiya ilə əlaqələrini və bu icmaların dəstək mexanizmlərini ayrıca qeyd ediblər.

Krasnodardakı erməni icmasının diqqət çəkən başqa xüsusiyyəti onun yalnız say baxımından deyil, iqtisadi və ictimai baxımdan da təşkilatlanmasıdır. Müxtəlif araşdırmalarda ermənilərin bölgədə biznes strukturlarında fəal olduğu, milli-mədəni təşkilatların və dini icmaların fəaliyyət göstərdiyi qeyd edilir. Bu vəziyyət Rusiya cəmiyyətində bəzi dairələrdə “Krasnodarda erməni icmasının xüsusi təsiri” barədə müzakirələrə səbəb olur. Bununla yanaşı, Aroyan, Silikyan və Movsesyan kimi ayrı-ayrı ailələrin və biznes qruplarının bölgədə yüz minlərlə və hətta milyonlarla hektar torpağa sahib olması barədə internetdə yayılan iddialar mövcuddur.

Krasnodarla bağlı ən mübahisəli iddialar isə məsələnin gələcək siyasi perspektivi ilə bağlıdır. Bəzi erməni millətçi dairələri, bölgədə kök salmış "Daşnaksütyun" partiyasının üzvləri Krasnodarın “ermənilərin tarixi məskunlaşma ərazisi” kimi təqdim edilməsinə, keçmiş Erməni Milli Rayonunun xatırladılmasına və bölgədə erməni icmasının gələcəkdə daha da güclənməsinə çağırış edir. Bu yanaşmalar bəzən daha irəli gedərək Krasnodarda keçmiş milli rayon modelinin bərpası və hətta bölgənin gələcək siyasi statusunun dəyişdirilməsi ilə bağlı istəklərə qədər uzanır. Eyni şəkildə, bölgədə ermənilərdən ibarət silahlı və ya “hərbiləşdirilmiş” dəstələrin fəaliyyət göstərməsi barədə yayılan görüntülər də Rusiya xüsusi xidmət orqanları tərəfindən yoxlanılmalıdır.

Beləliklə, Krasnodardakı mənzərəni yalnız etnik statistika ilə izah etmək mümkün deyil. Burada yüzillik miqrasiya tarixinin, sovet dövründən qalan məskunlaşmanın, güclü qohumluq əlaqələrinin, diaspora institutlarının və son illərdə Ermənistan və Azərbaycanın Qarabağ bölgəsindən köçlərin üst-üstə düşməsi müşahidə olunur. Bu tendensiya davam edərsə, Krasnodar və Soçi istiqamətinə yerləşməyə davam edərsə, bu, bölgədəki demoqrafik və sosial prosesləri daha da gücləndirə bilər.

Rusiyanın Ukrayna ilə müharibədə ciddi itkilər verdiyini, daxildə sosial və siyasi narazılığın artdığını da nəzərə aldıqda, Krasnodar diyarında erməni millətçilərinin silahlı çıxışı və bölgəni "İkinci Qarabağ"a çevirmək cəhdi rəsmi Moskva tərəfindən nəzərə alınmalı faktdır. /modern.az/


MANŞET XƏBƏRLƏRİ