Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkədə daxili yanacaq təminatını artırmaq məqsədilə yanacaq idxalına başlanıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu, enerji ixracatçısı olan Rusiya üçün diqqətçəkən addım hesab olunur.
Novak Rusiyanın dövlət televiziyası “Vesti”yə açıqlamasında bildirib ki, daxili bazara əlavə yanacaq tədarükü üçün zəruri qaydalar təsdiqlənib.
“İdxal artıq başlayıb. Bundan əlavə, Avro-2, Avro-3 və Avro-4 standartlarına uyğun daha aşağı keyfiyyətli yanacağın istehsalı üçün də zəruri qaydalar təsdiqlənib”, – Novak deyib.
Onun sözlərinə görə, Rusiyada daxili bazarın tələbatını ödəmək üçün kifayət qədər yanacaq ehtiyatı var. Lakin yüksək tələbat səbəbindən istehlak 20-30 faiz artıb.
Novak yanacaq bazarında vəziyyətin yenidən çətinləşdiyini bildirib və hökumətin vəziyyəti daim nəzarətdə saxladığını vurğulayıb.
“Biz şirkətlər və regionlarla birlikdə vəziyyəti hər gün izləyirik”, – baş nazirin müavini qeyd edib.
Rusiyanın yanacaq idxalına başlaması ölkədə neft emalı zavodlarına və yanacaq infrastrukturuna yönələn hücumların fonunda baş verir. Reuters-in məlumatına görə, Hindistandan Rusiyaya təxminən 68 min ton benzin gətirilib, Belarus və Qazaxıstandan dəmir yolu ilə yanacaq idxalı da planlaşdırılır.
Aytən Yaşar/ Turkustan.az