Trampdan İrana yeni zərbə: “İqtisadi müharibə başlayır”


ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş “iqtisadi əməliyyat” elan edib və Tehranı dəstəkləyən ölkələri ağır iqtisadi nəticələrlə hədələyib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında bildirib ki, İran razılaşma əldə etmək üçün verilən fürsətdən yararlanmayıb. O, buna görə də İrana qarşı “indiyədək heç bir ölkəyə qarşı həyata keçirilməmiş ən sarsıdıcı iqtisadi əməliyyatı” başladacağını açıqlayıb.

Tramp İranın donanması və hava qüvvələrinin məhv edildiyini, hərbi fabriklərinin dağıdıldığını, milli valyutasının dəyərdən düşdüyünü və ölkənin iqtisadi böhran içində olduğunu iddia edib.

ABŞ Prezidenti İrana maliyyə dəstəyi göstərən ölkələrin də ciddi sanksiyalarla üzləşəcəyini bildirib. O, neft qaçaqmalçılığı, maliyyə köçürmələri, valyuta mübadiləsi, gəmiçilik reyestrləri və qabıq şirkətləri vasitəsilə İrana dəstəyin dayandırılmasını tələb edib.

Tramp müttəfiqləri İranı təcrid etmək üçün ABŞ-ın yanında olmağa çağırıb. Onun sözlərinə görə, yeni tədbirlər Tehranın “dünyada terror yaymaq qabiliyyətini” zəiflətməyə yönəlib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ