Cibimizdəki gizli düşmən - Kartla ödəniş bizi necə müflis edir?


''Nağd pul xərcləyəndə insan pulu fiziki olaraq əlindən verdiyi üçün bunu daha çox hiss edir. Psixoloqlar bunu "ödəmə ağrısı" adlandırırlar. Kartla ödəniş zamanı isə pul göz önündə olmadığı üçün həmin hiss zəifləyir və alış-veriş daha rahat görünür. Buna görə də insanlar çox vaxt nə qədər xərclədiklərinin fərqinə gec varırlar''.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, pulun gözlə görünməməsi xərclərə nəzarəti çətinləşdirir:

“Nağd pul azaldıqca insan bunu dərhal hiss edir və növbəti alış-veriş barədə daha çox düşünür. Kartla ödəniş zamanı isə balans yalnız tətbiqə baxanda görünür. Bu da planlaşdırılmamış alışların sayını artıra və büdcə limitinin aşılmasına səbəb ola bilər.

Müxtəlif araşdırmalar göstərir ki, kartla ödəniş edən insanlar bəzi hallarda nağd pul istifadə edənlərlə müqayisədə orta hesabla 10–20 faiz, bəzi alış-veriş növlərində isə daha çox xərcləyə bilirlər. Bunun əsas səbəbi ödəniş prosesinin daha rahat və psixoloji baxımdan daha az hiss olunmasıdır. Bankların təqdim etdiyi keşbek, bonus və endirim kampaniyaları düzgün istifadə edildikdə faydalı ola bilər. Lakin yalnız bonus qazanmaq üçün ehtiyac olmayan məhsulları almaq əslində daha çox xərc deməkdir. Yəni bonuslar qənaətə deyil, yalnız planlı alış-veriş zamanı həqiqətən sərfəli olur''.

Ekspert onu da qeyd edib ki, kartdan istifadə edərkən büdcəni qorumaq üçün aylıq xərc limiti müəyyənləşdirmək faydalıdır:

''Böyük məbləğli alışdan əvvəl bir qədər gözləmək, bonus kampaniyalarına aldanmamaq və imkan daxilində müəyyən məbləği nağd şəkildə xərcləmək də maliyyə intizamını gücləndirməyə kömək edir”.


MANŞET XƏBƏRLƏRİ