ABŞ: İran rəhbərliyi daxilində hakimiyyət mübarizəsi gedir


ABŞ administrasiyası İrandan Hörmüz boğazında gəmilərə hücumların dayandırıldığını və boğazdan keçən bütün dəniz marşrutlarının kommersiya gəmiləri üçün təhlükəsiz və açıq olduğunu rəsmi şəkildə bəyan etməsini tələb edir.

Turkustan.az xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, İranda sərt xətt tərəfdarları ilə daha praqmatik qüvvələr arasında real vaxt rejimində hakimiyyət uğrunda mübarizə gedir.

ABŞ-ın yüksək vəzifəli rəsmilərinin sözlərinə görə, Vaşinqton və Tehran arasında son danışıqlar məhsuldar keçsə də, İran Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı aydın öhdəlik götürməlidir.

Telekonfrans vasitəsilə jurnalistlərlə danışan rəsmilər qeyd ediblər ki, Vaşinqton Tehrandan iki məsələyə dair açıq mövqe gözləyir.

ABŞ mediasının yaydığı məlumata görə, rəsmilərdən biri deyib: "Biz İrandan Hörmüz boğazından keçən bütün marşrutların açıq olduğunu və artıq gəmilərə atəş açılmadığını təsdiqləyən rəsmi bəyanat gözləyirik. Ya bu açıqlama veriləcək, ya da bunun İran üçün nəticələri olacaq".

ABŞ rəsmiləri İran rəhbərliyi daxilində yanaşma fərqlərinin mövcud olduğunu iddia edirlər.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib: "Görünür, İranda sərt xətt tərəfdarları ilə daha praqmatik yanaşmanı müdafiə edənlər arasında real vaxt rejimində hakimiyyət uğrunda mübarizə gedir".

Bu açıqlamalar bu həftənin əvvəlində Hörmüz boğazında üç gəmiyə hücum edilməsindən sonra səsləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ