“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi yeni layihənin icrasına başlayıb


“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” adlı layihənin icrasına başlayıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində göstərilən maliyyə dəstəyi hesabına icra olunur. Layihənin icra müddəti 1 iyul 2026-cı il tarixindən 31 oktyabr 2026-cı il tarixinədək nəzərdə tutulub.

Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesinə, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacaq əhalinin doğma yurdlarına təhlükəsiz qayıdışına, eləcə də həmin ərazilərin davamlı inkişafına töhfə verməkdir. Layihə, həmçinin “Böyük Qayıdış” Dövlət Proqramının məqsədlərinə dəstək göstərilməsinə xidmət edir.

Layihə çərçivəsində I və II Qarabağ müharibələri zamanı hərbi əməliyyatların aparıldığı, eləcə də mina və partlamamış hərbi sursat təhlükəsinin mövcud olduğu Ağdam, Füzuli və Ağcabədi rayonlarında əhalinin maarifləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə partlayış təhlükəli əşyalarla bağlı təlimlər və ictimai görüşlər təşkil ediləcək.

Həyata keçiriləcək tədbirlər vasitəsilə əhalinin mina təhlükəsi ilə bağlı bilik və bacarıqlarının artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mina, eləcə də partlamamış hərbi sursatların yaratdığı risklərin azaldılmasına töhfə verilməsinə hədəflənir.


MANŞET XƏBƏRLƏRİ