“Bakılılar günü” niyə 1 iyulda qeyd edilir? - Sensasion faktlar üzə çıxdı


Hər il iyulun 1-də qeyri-rəsmi olaraq “Bakılılar günü” kimi qeyd olunan tarixin yaranma səbəbi və pərdəarxası məqamları üzə çıxıb.

Modern.az xəbər verir ki, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bu günün tarixi ilə bağlı maraqlı faktlar paylaşıb.

Tarixçi bildirib ki, bu ənənənin kökü heç də düşünüldüyü kimi qədim deyil və virtual aləmdə bir erməni bloqer tərəfindən manipulyasiya məqsədilə ortaya atılıb.

Onun sözlərinə görə, 1 iyulun "Bakılılar günü" kimi qeyd edilməsi ənənəsinin əsasını Bakı sakini Artur (Arsen) Petrosyan adlı şəxs rusların məşhur "Odnoklassniki" sosial şəbəkəsində qoyub:

"2011-ci ildə o, virtual gündəm yaradaraq, hər il məhz 1 iyul tarixində keçmiş həmyerlilərini "Bakılılar günü" münasibətilə təbrik etməyə başlayıb. Bu ideya qısa zamanda internetdə virus kimi yayıldı, sosial şəbəkənin hüdudlarını aşaraq digər bloqerlər, forumlar və hətta xaricdəki bəzi azərbaycanlı diaspor təşkilatları tərəfindən də mənimsənilib kütləviləşdirildi".

Siyasi analitik erməni müəllifin məhz 1 iyul tarixini seçməsinin təsadüfi olmadığını, bunun arxasında Azərbaycan xalqına qarşı qanlı cinayətlər törətmiş daşnak-bolşevik rejiminin dayandığını diqqətə çatdırıb:

"Təqvim olaraq məhz 1 iyulun seçilməsinin əsl səbəbi 1918-ci ilin hadisələrinə dayanır. Həmin vaxt Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak rəhbərliyi şəhər üzərindəki hakimiyyətlərini qoruyub saxlamaq üçün yerli əhaliyə qarşı ən sərt hərbi tədbirlərə və repressiyalara keçmişdi. Bu barədə Şaumyanın özünün 1 iyul 1918-ci ildə Vladimir Leninin adına göndərdiyi rəsmi teleqramda da aydın şəkildə yazılıb".

Rizvan Hüseynov sonda onu da əlavə edib ki, bu "bayramın" əsasını qoyan və ideyanı ortaya atan Artur Petrosyan yaxınlarda vəfat edib.


MANŞET XƏBƏRLƏRİ